AZ

“Microsoft” səhmləri 2020-ci ildən bəri ən güclü eniş göstərib

“Microsoft” səhmləri 11% ucuzlaşaraq 429,24 dollara düşüb ki, bu da 2020-ci ilin martından bəri, təxminən son altı ilin ən böyük gün­daxili enişi olub, bu barədə “Bloomberg” yazır. Ticarət məlumatlarına görə, 29 yanvar saat 21:16-da korporasiyanın səhmləri 11,81% azalaraq 424,73 dollar olub. Halbuki 28 yanvar əsas ticarət sessiyasının yekunlarına görə səhmlərin qiyməti 481,63 dollar təşkil edib.

Agentlik qeyd edir ki, “Microsoft” səhmlərinin ucuzlaşması şirkətin rekord həcmdə xərclər və bulud xidmətləri satışlarının artım tempinin zəifləməsi barədə hesabatından sonra baş verib. Materialda bildirilir ki, bu, investorların şirkətin süni intellektə yatırdığı investisiyaların gözləniləndən daha gec özünü doğrulda biləcəyi ilə bağlı narahatlıqlarını gücləndirib.

“Bloomberg”in məlumatına görə, II maliyyə rübündə kapital xərcləri illik müqayisədə 66% artaraq 37,5 milyard dollara çatıb və analitiklərin 36,2 milyard dollar səviyyəsində olan proqnozlarını üstələyib. Eyni zamanda, şirkətin bulud hesablama bölməsi olan “Azure”nin gəlirləri valyuta məzənnələrinə düzəliş edildikdə II rübdə 38% artıb ki, bu da analitiklərin gözləntilərinə uyğundur.

Bundan bir gün əvvəl, 28 yanvarda S&P 500 indeksi tarixdə ilk dəfə 7000 bənd həddini keçib. “Reuters”in qeyd etdiyi kimi, indeksin artımına süni intellektlə bağlı optimizm, iri texnologiya şirkətlərinin yüksək maliyyə nəticələri gözləntiləri və pul-kredit siyasətinin yumşaldılması ümidləri təkan verib.

Həmin günün sonunda ABŞ Federal Ehtiyat Sistemi (FED) ardıcıl üç endirimdən sonra 28 yanvarda uçot dərəcəsini illik 3,5–3,75% səviyyəsində saxlayıb. Mətbuat konfransında FED-in sədri Cerom Pauell bildirib ki, məşğulluq və inflyasiya ilə bağlı risklər azalsa da, ümumilikdə inflyasiya yüksək olaraq qalır. O qeyd edib ki, əmək bazarında tənzimləyicinin əlavə addımlar atması üçün kifayət qədər ciddi dəyişikliklər baş verməyib.

Seçilən
67
33
banker.az

10Mənbələr