Rusiyanın Tver vilayətinin Rameşkov rayon məhkəməsi vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 327-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib.
Yerli media bildirir ki, kişi saxta sürücülük vəsiqəsini bilə-bilə almaqda, saxlamaqda və istifadə etməkdə ittiham olunub. Məlum olub ki, 2022–2025-ci illər ərzində o, Azərbaycanda “B” və “C” kateqoriyaları üzrə saxta sürücülük vəsiqəsini qanunsuz yolla əldə edib. Sənədə onun fotosu yapışdırılıb və şəxsiyyət məlumatları qeyd edilib. Təqsirləndirilən şəxs bu vəsiqəni istifadə etmək məqsədilə həm evində, həm də üzərində saxlayıb.
2025-ci ilin iyun ayında o, Rameşki qəsəbəsində Bejetskaya küçəsi 20 nömrəli binanın yaxınlığında avtomobil idarə edərkən Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt şübhəli polis əməkdaşlarına saxta sürücülük vəsiqəsini orijinal sənəd kimi təqdim edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirib ki, ona irəli sürülən ittihamın mahiyyətini anlayır, lakin özünü günahkar hesab etmir və Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə əsaslanaraq ifadə verməkdən imtina edib.
Məhkəmə toplanmış sübutları kifayət hesab edərək təqsirləndirilən şəxsin günahının sübuta yetirildiyi qənaətinə gəlib. O, irəli sürülən cinayəti törətməkdə təqsirli bilinib və vətəndaşın səhhəti, ailə üzvlərinin vəziyyəti, həmçinin əvvəllər məhkum olunmaması nəzərə alınaraq ona cəza kimi 20 min rubl məbləğində cərimə təyin edilib. /Lent.az/