AZ

Rus və erməni mafiyası ABŞ-də milyardlarla dollar oğurlayıb

AzVision.az bildirir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yanında “Medicare” və “Medicaid Services” Mərkəzlərinin rəhbəri Mehmet Öz belə açıqlama verib.

Onun sözlərinə görə, Van-Nays rayonunda cəmi dörd kvartal ərazisində qeydiyyatdan keçmiş 42-dən çox hospisin əksəriyyəti yalnız kağız üzərində mövcuddur və bu qədər müəssisənin eyni ərazidə cəmləşməsi ciddi şübhələr doğurur.

“Ya burada qeyri-adi dərəcədə yüksək ölüm göstəricisi var, ya da biz son dərəcə yaxşı təşkil olunmuş fırıldaqçılıqla qarşı-qarşıyayıq. Tibb müəssisəsi kimi qeydiyyata alınmış binalarda tez-tez rus və erməni dillərində lövhələrə rast gəlinir, lakin bu binalar ya tamamilə boşdur, ya da taxtalarla örtülmüş evlər təsiri bağışlayır”,– deyə amerikalı məmur vurğulayıb.

Mehmet Öz bildirib ki, həmin ünvanlarda faktiki olaraq heç bir tibbi xidmət göstərilməyib. Yaradılmış sxem çərçivəsində binalar hospis kimi qeydiyyata alınıb, sonradan isə guya xəstələrə evdə qulluq göstərildiyi iddia edilib.

- Əslində isə heç bir qayğı göstərilməyib. Bu, açıq-aşkar saxtakarlıq idi”,– deyə Mehmet Öz qeyd edib.

Amerikalı məmur buna nümunə olaraq 16 milyon dolların mənimsənildiyi və əsas təşkilatçının cəmi iki il həbs cəzası aldığı cinayət işini göstərib. Onun fikrincə, bu cür yüngül cəzalar belə cinayətlərdə iştirak edən şəxslər üçün fəaliyyəti iqtisadi baxımdan cəlbedici edir.

Mehmet Öz hesab edir ki, Los-Ancelesdə hospis və evdə qulluq sahəsində fırıldaqçılıqların ümumi həcmi 3,5 milyard dollara çata bilər. Onun iddiasına görə, bu vəsaitlərin əhəmiyyətli hissəsi rusdilli cinayətkar qruplarla əməkdaşlıq edən mütəşəkkil erməni cinayətkar təşkilatlarının nəzarətində olub.

ABŞ Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) hazırda bu sahədə araşdırmaları gücləndirib. Kaliforniya ştatında evdə və ictimai qulluq proqramlarının ümumi dəyəri təxminən 30 milyard dollar həcmində qiymətləndirilir. ABŞ hakimiyyəti bu vəsaitlərin əhəmiyyətli hissəsinin müxtəlif saxtakarlıq sxemləri ilə əlaqəli ola biləcəyini istisna etmir.

Qeyd edək ki, hospis ölümcül xəstələrə palliativ (ağrını və təngnəfəsliyi azaldan, həmçinin sosial və psixoloji dəstək verən) yardım göstərən tibb müəssisəsidir.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
20
50
azvision.az

10Mənbələr