AZ

Sumqayıtda ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, “Kimyaçı” mədəniyyət sarayında keçirilən hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Elnarə Akimova, Zaur Şükürov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr edilən film nümayiş etdirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, qürur və iftixar hissi ilə başa vurduğumuz “Konstitusiya və Suverenlik ili”  olan 2025-ci il ölkəmiz, xalqımız və  şəhərimiz üçün bol uğurlarla yadda qalıb. 2025-ci il Azərbaycanın müasir tarixində artıq müharibədən sonra yalnız bərpa mərhələsi kimi deyil, şanlı Zəfərimizin tam legitimləşdirildiyi, suverenliyin beynəlxalq miqyasda möhkəmləndiyi və dövlətimizin yeni güc mərhələsinə keçdiyi il kimi dəyərləndirilir. 

Vurğulanıb ki, son illərdə Sumqayıtın davamlı inkişafı sahəsində atılan addımlar Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tərkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmış, bütün bunlar öz növbəsində Sumqayıtın əsas sosial-iqtisadi göstəricilərinin ilbəil artan dinamika ilə inkişafına imkan vermişdir.

Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də böyük abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Sumqayıt sürətlə inkişaf edərək  regionun ikinci böyük sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarla kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri nəinki Sumqayıt şəhərində, eləcə də Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. Sumqayıt sənaye şəhəri kimi şöhrətini artırmaqla  bərabər, respublikada gedən inkişaf prosesinə layiqli töhfələrini verir. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir edir.

Qeyd olunub ki, dövlətin sənaye siyasəti, özəl sektorun təşəbbüsləri və investisiya axını şəhərdə yeni müəssisələrin açılmasına şərait yaradıb. Sumqayıt Kimya Sənaye Parkının imkanları, sahibkarlara verilən güzəştlər və ixrac potensialının artması bu sahədə əsas rol oynayıb. Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan artıq 28-i fəaliyyət göstərir.

Hesabat məruzəsində bildirilib ki, bu gün Sumqayıt Cənubi Qafqazın ikinci ən  iri Sənaye Mərkəzi kimi tanınsa da, biz onun nailiyyətlərini təkcə sənaye şəhəri kimi yox, eyni zamanda elm, təhsil, səhiyyə, mədəniyyət, şəhər təsərrüfatı və digər sahələrdə əldə etdiyi uğurlarda  görürük.

Şəhər İcra Hakimiyyətinin başçısı hesabat dövrü ərzində görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr və mövcud problemlərə də toxunub. Vurğulanıb ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndirilməli, yeni istehsal sahələri yaradılmalı, iş yerləri açılmalı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması, əhalinin kommunal xidmətlərinə olan tələbatının ödənilməsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və baş plana uyğun olaraq  şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci və 21-ci məhəllələrdə eyni ilə İnşaatçılar və Kotec qəsəbə ərazilərində  istismar müddəti başa çatmış, yararsız yaşayış binalarının və qəzalı  yataqxanaların  sökülməsi və orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində 2025-ci ildə ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu, genişmiqyaslı quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəldiyini vurğulayıb. O, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin daha da möhkəmləndiyini qeyd edərək, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji islahatlar, qarşıda duran yeni hədəflər və şəhərin gələcək fəaliyyətinə dair prioritet istiqamətlər barədə ətraflı məlumat verib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər prokuroru Mürvət Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Millət vəkili Elnarə Akimova və digər şəxslər hesabat yığıncağında məruzələrlə çıxışlar ediblər. Çıxışlarda 2025-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib, müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.

Seçilən
55
50
ikisahil.az

10Mənbələr