Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Mərasimdə ÇL-in Liqa mərhələsini 22-ci pillədə başa vurmuş Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşəcək.
Səpələnməmişlər sırasında yer almış Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib olacaq.
Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak edəcəklər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.
Səpələnmişlər (9-16-cı yerlər):
Real (İspaniya)
İnter (İtaliya)
PSJ (Fransa)
Nyukasl (İngiltərə)
Yuventus (İtaliya)
Atletiko (İspaniya)
Atalanta (İtaliya)
Bayer (Almaniya)
Səpələnməmişlər (17-24-cü yerlər):
Borussiya (Dortmund, Almaniya)
Olimpiakos (Yunanıstan)
Brügge (Belçika)
Qalatasaray (Türkiyə)
Monako (Fransa)
Qarabağ (Azərbaycan)
Bodo Qlimt (Norveç)
Benfika (Portuqaliya)
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.
Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
