AZ

ABŞ İrana qarşı hücuma nə qədər yaxındır?

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın “Tehran razılaşma axtarır” açıqlaması ilk baxışdan yumşalma təsiri bağışlasa da, eyni vaxtda İran ətrafında hərbi aktivliyin artırılması bu mesajın əksini deyir. Diplomatiyanın açıq qalması iddiası faktiki olaraq güc balansı üzərindən qurulan təzyiq mexanizmi ilə müşayiət olunur.

Vaşinqton üçün əsas narahatlıq nöqtəsinin İranın nüvə proqramından daha çox ballistik raket imkanları olması diqqət çəkir. 3000 kilometrdən artıq mənzilə malik raketlər İranı təkcə regional deyil, qlobal təhlükəsizlik hesablamalarının bir hissəsinə çevirir. İranın bu məsələni müzakirə mövzusu etməkdən imtina etməsi ABŞ üçün qırmızı xətlərin aşılması anlamına gəlir. Məhz buna görə də hərbi təzyiq nüvə məsələsindən kənara çıxaraq daha geniş təhlükəsizlik gündəmini əhatə edir.

Eyni zamanda Çin, Rusiya və İranın birgə dəniz təlimlərinə hazırlaşması prosesin yeni mərhələyə keçdiyini göstərir. Bu təlimlər sıradan hərbi məşq deyil, Vaşinqtona ünvanlanmış geosiyasi mesajdır. Moskva və Pekinin İranla eyni cəbhədə görünməsi ABŞ-nin təzyiq siyasətinə qarşı balans yaratmaq cəhdi kimi oxunur. Xüsusilə Hörmüz boğazında planlaşdırılan canlı atəşli təlimlər enerji təhlükəsizliyi baxımından risklərin artdığını göstərir.

ABŞ-nin İran İslam İnqilabının ildönümü ərəfəsində mümkün hücum ssenarisini nəzərdən keçirməsi və eyni vaxtda SEPAH-ın terror təşkilatı kimi tanınması təsadüfi addımlar deyil. Bu, hərbi müdaxilənin hüquqi və siyasi zəmininin əvvəlcədən hazırlanması deməkdir. Vaşinqton bu yolla mümkün zərbələri “təhlükəsizlik tədbiri” kimi təqdim etməyə çalışır.

Bütün bunların fonunda ortaya çıxan əsas sual budur: ABŞ hərbi əməliyyata nə qədər yaxındır? Mövcud mənzərə göstərir ki, Vaşinqton üçün prioritet genişmiqyaslı müharibə deyil, idarə olunan qarşıdurmadır. Məhdud zərbələr, proksi qüvvələrə paralel təzyiq və dəniz yolları üzərində nəzarətin artırılması daha real ssenari kimi görünür. İranın müqavimət səviyyəsi isə bu prosesin miqyasını müəyyən edəcək əsas faktordur.

Nəticə etibarilə, bölgə təhlükəli bir keçid mərhələsindədir. Diplomatiya hələ tam bağlanmayıb, amma artıq son şans aləti funksiyasını daşıyır. Hər iki tərəf üçün zaman faktoru ön plana çıxıb və bu zaman kimin səhv edəcəyi regional deyil, qlobal nəticələr doğura bilər.

Alim Nəsirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
50
bakivaxti.az

10Mənbələr