AZ

Qafqazın qış möcüzəsi: Laza kəndinin donmuş şəlaləsi

Yazını böyüt
Yazını kiçilt

Qış fəsli Qafqazın dağlıq bölgələrini ağ örpəyə bürüyüb. Bu fəsildə Qusarın Laza kəndində donan şəlalə isə bu mövsümün ən diqqətçəkən təbii möcüzələrindən biridir. Hər il turistlər və təbiətsevərlər buraya gəlib qışın sehrli gözəlliyini öz gözləri ilə görürlər.

Hafta.az AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasını təqdim edir.

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 metr hündürlükdə, Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində yerləşir. Burada qarlı-şaxtalı hava 7 ay davam edir və temperatur bəzən mənfi 30 dərəcəyədək enir.

Kəndə çatmaq üçün dörd dağ keçidindən keçmək lazımdır. Yolboyu qarla örtülmüş meşələr, çaylar və təmiz hava turistlərə xoş əhval-ruhiyyə bəxş edir. Şəlaləyə yaxınlaşdıqca bu yerin cazibəsi insanı özünə çəkir. Donmuş şəlalənin yaratdığı əsrarəngiz görüntü Günəş işığında sanki kiçik incilər kimi parlaqlıq saçır. Bu təbiət möcüzəsinə şaxtalı qış günlərində də turlar təşkil olunur. Ən çox gənclərin üz tutduğu bu turlarda gəzinti həvəskarları dağ yollarında yürüş edərək şəlaləyə çatır və burada təbiətin yaratdığı sehrli gözəlliyə yaxından tamaşa edirlər.

Lakin, burada diqqətli olmaq vacibdir. Buz üzərində diqqətsiz hərəkət etmək, sürüşmə riskini artırır. Hər il bura gələn turistlər üçün təhlükəsizlik tədbirləri gücləndirilir.

Lazanın donmuş şəlaləsi əsl təbiət gözəlliyidir. Burada dayanıb, suların donmuş halına baxmaq, zamanın necə dayandığını hiss etdirmək mümkündür. Qışın bu möcüzəsi, təbiətin insanlara bəxş etdiyi nadir anlardan biridir.

Seçilən
12
4
hafta.az

4Mənbələr