AZ

Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları…

“Bu məsələ düzgün şərh olunmayıb. Sumqayıtda qeydiyyatdan keçən taksi sürücüsü yalnız Sumqayıt şəhəri ətrafında xidmət göstərə bilər, bu doğrudur. Eyni zamanda Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Buna qadağa yoxdur”.

KONKRET.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. O qeyd edib ki, tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçib Sumqayıta gedib orada xidməti aktiv etmək olmaz:

“Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Sadəcə Bakıdan müştəri götürə bilməz. O, müştərini Bakıya gətirib çatdırıb təzədən Sumqayıta qayıtmalıdır və orada işini davam etdirməlidir.

Eyni zamanda Bakıdakı sürücü də Sumqayıta müştəri olsa rahat şəkildə apara bilər. Tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçən sürücü Sumqayıtda xidməti aktiv edə bilməyəcək. Çünki sürücünün qeydiyyatı hansı ərazi üzrədirsə, taksi tətbiqində də fəaliyyəti yalnız həmin ərzi üçün aktivləşir.

Təbii ki, bundan bəziləri narazıdır. Onlar istəyir hər yerdə xidmət göstərsinlər. Amma dövlətin qoyduğu qayda-qanun budur. Bu qaydalara əsasən, Bakı şəhəri üçün taksi kvotası 25 min olaraq müəyyən edilib. Hazırda isə bu rəqəm 40 mini keçib. Dövlət islahatlar aparır ki, Bakıda taksilərin sayı mərhələli şəkildə 25 minə düşsün. Bu, təbii proses olacaq və bu gün-sabah kiminsə buraxılış kartı ləğv edilməyəcək.

Nəzərə almaq lazımdır ki, sürücülərin bir qismi Bakıdan kənarda – Sumqayıt, Abşeron və digər ərazilərdə yaşayır. Onlar qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərməlidirlər. Qanunla proses məhz bu cür tənzimlənir. Hazırkı qanunvericiliyin tələbi ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçmiş taksi Bakıda fəaliyyət göstərsin. Eyni ilə Sumqayıt, Xaçmaz və ya Şirvanda qeydiyyatda olan taksilər isə həmin ərazilərdə işləməlidir”.

E. Muradlı bu islahatların qiymətlərə müəyyən təsir göstərəcəyini deyib:

“Əgər Bakıda taksilərin sayı 25 minə endirilsə, qiymət artımı qaçılmaz olacaq. Bu, sürücülərin bir qisminin də arzuladığı məsələdir. Amma 40 minə yaxın taksini birdən-birə 25 minə salmaq mümkün deyil, bu yalnız zamanla baş verə bilər. Hazırda vəziyyət belədir ki, təxminən 15 min nəfər sadəcə sənəd alıb, amma aktiv fəaliyyət göstərmir. Bəziləri bunu ehtiyat variant kimi saxlayır.

AYNA-nın apardığı yoxlamalar göstərir ki, Bakı şəhəri üzrə faktiki olaraq aktiv taksi xidməti göstərənlərin sayı 22 min civarındadır. Məhz bu rəqəmə əsaslanaraq 25 minlik kvota normal hesab olunur. Biz bu məsələni AYNA rəhbərliyi və digər qurumlarla müzakirə etmişik ki, əsas dolanışıq mənbəyi taksi fəaliyyəti olan insanlar kənarda qalmasın. Elə ailələr var ki, bir neçə nəsildir bu peşə ilə məşğuldur. Arzumuz odur ki, kvota təsdiqlənərkən bu cür sürücülərə müəyyən güzəştlər tətbiq olunsun.

Axşamlar əlavə qazanc üçün taksi sürənlərlə, günün 12–14 saatını bu işə sərf edənləri eyniləşdirmək düzgün deyil. Təbii ki, daimi peşə kimi taksi fəaliyyətini seçən sürücülərə üstünlük verilməlidir”.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.

Seçilən
16
14
konkret.az

10Mənbələr