““Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbərinin və iki əməkdaşının cinayət məsuliyyətinə cəlb olunması, faktların Baş Prokurorluq tərəfindən ciddi yoxlanılması, on bir nəfərin şikayət verməsi göstərir ki, doğrudan da, məsələ ciddi araşdırma mərhələsinə daxil olub. Hesab edirəm, bu kimi funksiyaları yerinə yetirən digər reabilitasiya mərkəzləri üçün də ciddi siqnal, dərs olmalıdır ki, dövlət belə şeylərə güzəştə getmir. Belə hallar olmamalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
O hesab edir ki, hüquq-mühafizə orqanları, Baş Prokurorluq məsələləri ciddi aydınlaşdıracaq, hüquqi qiymət görəcək: “Şikayətlərdə haqq olduğunu düşünürəm. Burada məhkəmə perspektivi görürəm. İstərdim, bu müəssisə haqqında məhkəmədə də xüsusi qərardad çıxarılsın ki, qanun pozuntuları bir də təkrar edilməsin, başqalarına da mənfi nümunə olmasın. Respublika ictimaiyyətində belə hal narahatlıq yaradır. İnsanlar öz övladları, yaxınları ilə bağlı narahatlıq hissi keçirirlər ki, vətəndaşların konstitusion hüquqları pozulur. Bir daha belə şeylər təkrar olunmamalıdır. Yeri gəlmişkən, bir müddət həmin reabilitasiya mərkəzində saxlanılan Əməkdar jurnalist Nəsimi Nəbizadəni də tanıyıram, mənim yanımda iki dəfə olub, geniş söhbət etmişik...”