AZ

Bakı-Moskva münasibətlərində "43 maddəlik" güvən: Problemlər necə həll olunur? – ÖZƏL

"2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət mühüm bir saziş imzalanıb. Bu sazişin hər bir müddəası iki dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Azərbaycanla Rusiya arasında həm iqtisadi, həm də siyasi sahələrdə münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin davamlı inkişafı üçün iki ölkənin Xarici İşlər nazirləri müntəzəm olaraq təmasda olurlar. Dövlətlərarası səviyyədə hər hansı problem yarandığı təqdirdə isə bu məsələlər diplomatik yollarla, qarşılıqlı dialoq əsasında öz həllini tapır.

Ekspert qeyd edib ki, son dövrlərdə Azərbaycanlıların Rusiyada, eləcə də Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı müəyyən məsələlər gündəmə gəlib. Dövlət bu proseslərə nəzarət edir, məsələlər diplomatik kanallar vasitəsilə araşdırılır və qarşılıqlı fikir mübadiləsi aparılır. Hər hansı problem yarandıqda, bu, hüquqi müstəvidə öz həllini tapır. Çünki Azərbaycan xarici siyasətində qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipini əsas tutur və bütün məsələlərin hüquqi çərçivədə tənzimlənməsində maraqlıdır. Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı istintaq tədbirləri aparılır və istintaqın nəticələrinə uyğun olaraq hüquq-mühafizə orqanları rəsmi açıqlamalar verə bilər. Eyni zamanda, bu barədə Rusiya tərəfi də məlumatlandırılır.

"Hesab edirəm ki, mövcud olan bütün problemlər diplomatik yollarla öz həllini tapacaq. Əgər Azərbaycan vətəndaşları Rusiyada saxlanılıbsa, onların məsələsi də müvafiq hüquqi prosedurlar çərçivəsində, o cümlədən ekstradisiya imkanları nəzərə alınmaqla həll edilə bilər. Qeyd etdiyim kimi, iki dövlət arasında 43 maddədən ibarət saziş mövcuddur və bu sənəddə hüquq sahəsində qarşılıqlı əməkdaşlıq, fikir mübadiləsi və öhdəliklər açıq şəkildə əks olunub. Fikrimcə, tərəflər üzərinə düşən qarşılıqlı öhdəlikləri yerinə yetirəcək və yaranan istənilən problem diplomatik kanallar vasitəsilə həll olunacaq. Ümumilikdə isə Azərbaycanla Rusiya arasında münasibətlərin həm iqtisadi, həm də siyasi sahədə inkişafı hər iki dövlətin milli maraqlarına uyğundur", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
50
olaylar.az

10Mənbələr