Gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə yeni imtahan modeli tətbiq ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir:
“2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur”.
Ümumiyyətlə, hər il qəbul imtahanları ilə bağlı müxtəlif yeniliklərin tətbiqinin şahidi oluruq.Abituriyentlər üçün psixoloji təsir də daxil olmaqla, müxtəlif problemlərə yol açan bu proseslərə ehtiyac varmı?
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət”-ə bildirib ki, 2027-ci ildən etibarən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığını yoxlamaq üçün mətnə əsasən 4 qapalı test tapşırığı veriləcək:

“Oxu bacarığı üzrə iki oxu mətni, hər mətnə aid 4 qapalı test tapşırığı veriləcək. Leksik və qrammatik dilin ölçülməsi üzrə 13 qapalı test tapşırığı vasitəsilə bilik yoxlanılacaq. Yazı bacarığının yoxlanması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmindən, 1 abzasdan ibarət yazı yazmaq tələb edən model əsasında qiymətləndirmə nəzərdə tutulur.
Məqsəd dil bacarıqlarını daha real, funksiativ və kommunikativ konteksdə ölçməkdir. Yəni yazı tapşırığı iştirakçılarının strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib. Burada şagirdin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək qabiliyyətini ön plana çıxarır.
Ümumilikdə modelin istiqaməti müasirdir və doğrudur. Müsbət cəhət odur ki, burada real dil bacarıqları ölçülür. Yəni dinləmə, oxu, yazı və leksik-qrammatik biliklərin yoxlanılmasında test əzbərçiliyi yox, daha çox kommunikativ bacarıq kimi qiymətləndirilir. Bu, beynəlxalq imtahan modellərinə daha yaxındır”.
Onun fikrincə, yazı tapşırıqlarının əlavə olunması da çox önəmlidir:
“Burada şagirdin fikrini məntiqi ardıcıllıqla, strukturlaşdırılmış şəkildə ifadə etməsi əsas götürülür. Bu, sadəcə imtahan üçün yox, universitet və real həyat üçün də vacib bacarıqdır.
Dərsliklər və materiallar burada uyğunlaşdırılıb. Bu, ani dəyişiklik deyil. Pilot imtahanlar keçirilib, tapşırıq nümunələri dərsliklərdə və DİM materiallarında var. Yəni şagird tamamilə hazırlıqsız yaxalanmır”.
Mümkün problemlərə gəldikdə ekspert deyir ki, məktəblər arasında bərabərsizlik var:
“Xüsusilə regionlarda dinləmə bacarığının dərsdə zəif işlənməsi, audiotexniki imkanların məhdudluğu problem yarada bilər. Eyni model hər yerdə eyni nəticəni verməyə bilər. Yazı bacarığı ən zəif halqadır.
Reallıq budur ki, bir çox şagird 100 sözlük mətn yazmaqda, fikri giriş, inkişaf, nəticə forması kimi qurmaqda çətinlik çəkəcək. Çünki indiyədək bu bacarıq sistemli şəkildə qiymətləndirilməyib.
Qiymətləndirmədə subyektivlik riski də var. Yazı işlərində obyektivlik həmişə həssas məsələdir. Burada qiymətləndirmənin standart rublikalarda ciddi şəkildə işlənməsi çox vacib olacaq ki, eynilik qorunsun. Yəni əzbər testlərlə yüksək bal yığmaq çətinləşəcək.
Repetitorluq və hazırlıq formatı da dəyişməli olacaq. Daha çox yazı və dinləməyə yönələcək. Ümumiyyətlə, bu dəyişiklik uzunmüddətli perspektivdə müsbətdir, ancaq keçid dövründə, ilk 1-2 ildə nəticələrdə eniş-çıxışlar olacaq”.
Təhsil üzrə ekspert Məzahir Məmmədli isə bildirib ki, DİM imtahan qaydaları ilə bağlı narazılıqlar var:
:640.jpg)
Yenilənmək o demək deyil ki, xarici dildən açıq tipli suallar əlavə edilməli, bu iş bir qədər də mürəkkəbləşdirilməlidir. Biz bir tərəfdən deyirik ki, tələbə qəbul sayını 70 min nəfərin üzərinə gətirib çatdırmalıyıq, çünki regionda ən az ali təhsil alan ölkələrdən biri Azərbaycandır.
Digər tərəfdən, sanki sistemin mürəkkəbləşməsindən zövq alanlar var. Məsələn, xarici dillə bağlı indidən məlumatı elan ediblər. Bu 2026-2027-ci tədris ili üçün nəzərdə tutulub. Ancaq bütün hallarda abituriyentlər indidən stress keçirirlər.
Bir tərəfdən düşünürük ki, repetitorluğun qarşısını almaq üçün mexanizmlər hazırlayaq. Digər tərəfdən daha sərt addımlar irəli sürülür. Şagird, abituriyent məcburdur ki, yenidən daha bahalı repetitora üz tutsun. Dünyanın heç bir yerində bu qədər imtahan, şagirdləri sıxışdırma yoxdur.
Mən də razıyam ki, şagirdin biliyini, bacarığını ölçən bir sistem olsun. Abituriyenti ali təhsil müəssisəsinə qəbul olunana qədər onları bu cür “sıxmaq” yersizdir. Daha yaxşı olardı ki, biz ali təhsil müəssisələrində təhsilin keyfiyyətini yüksək həddə çatdıraq. Yaxud da ümumtəhsil məktəblərində ingilis dilinin keyfiyyətini o həddə çatdıraq ki, belə sınaq qarşısında qalmasınlar.
DİM-in yeni qaydalarına görə, həm tərcümədə, həm yazılıda, ingilis dilində, açıq tipli suallara cavab istəyirlər. Bir neçə il öncə eşitmə, dinləmə qurğularında problem yaranmışdı. Digər bir tərəfdən də DİM-in xarici dillə bağlı builki meyarları ancaq bir kateqoriyadan ölçülür. Məsələn, alman, fransız, yaxud ingilis dili keçən şagirdlər eyni meyarlarla ölçülürlər.
Ancaq burada hərəsinin özünə görə qrammatik yanaşmaları var. Bu baxımdan hesab etmək olmaz ki, onları bir meyarla ölçsünlər”. Ekspertin sözlərinə görə, bütün hallarda dəyişikliklər abituriyentləri müəyyən stress keçirməyə məcbur edir:
“Yaxşı ki, hələ xarici dillə bağlı bu məlumatı 1 il öncədən bildiriblər. Məsələn, qabiliyyət tələb edən bəzi ixtisaslar var ki, onlar üçün qoyulan şərtlər çox gözlənilməz oldu. Bir ilin içində elan olundu və abituriyentlər çaşqın vəziyyətdədirlər.
Qabiliyyət imtahanlarında daha çox testə üstünlük verilir. Əgər burada yaradıcılıq, qabiliyyət əsas götürülürsə, o zaman test ikinci mərhələdə olmalıdır. Bu da bir qədər çaşqınlıq yaradır”.