Metbuat.az xəbər verir ki, iranlı diplomat İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Tərəflər regional gərginliyi azaltmaq üçün dialoq imkanlarını müzakirə ediblər. Türkiyənin ABŞ və İran arasında gərginliyin hərbi eskalasiyasını istəmədiyi, bölgədə sülhün davam etdirilməsinə çalışdığı vurğulanıb. Görüşdə həmçinin İranın nüvə proqramı və ölkə daxilində baş verən kütləvi etirazlar kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə mediası İran rəsmisinin İstanbul səfərinə geniş yer ayırıb. Müharibə təhlükəsinin sürətlə böyüdüyü və Tehranın Ankaradan yardım istədiyinə dair mülahizələr irəli sürülüb.
Qeyd edək ki, bu gün həmçinin Türkiyə Prezidenti Təcəb Tayyip Ərdoğan iranlı həmkarı Məsud Pezeşkilanla telefonda danışıb. Dövlət başçısı bölgədəki sabitliyin qorunmasının vacibliyinə diqqət çəkərək, gərginliyin azaldılması və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin zəruriliyini vurğulayıb. Bu çərçivədə Türkiyənin İran ilə ABŞ arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu bildirib.