AZ

QHT sədri: Gənclər passiv yox, dəyişiklik yaradan subyekt olmalıdır

İlk növbədə bütün gənclərimizi 2 Fevral – Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm, onlara sağlamlıq, uğur və daim irəli baxan bir həyat yolu arzulayıram. Son illər Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımlar sistemli və məqsədyönlü xarakter daşıyır. Dövlət gənclər siyasəti artıq təkcə konseptual sənədlərlə yox, real mexanizmlərlə həyata keçirilir.

Bu fikirləri "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, gənclərin təhsilə çıxış imkanlarının genişlənməsi, yerli və beynəlxalq təqaüd proqramları, könüllülük hərəkatının inkişafı, startap və innovasiya layihələrinə dəstək, gənclərin məşğulluğunun artırılması istiqamətində görülən işlər bunu açıq şəkildə göstərir. Eyni zamanda region gənclərinin də bu imkanlardan faydalanması üçün yeni platformalar yaradılıb ki, bu da çox mühüm məqamdır:

"Məncə, uğurlu gəncin ən əsas xüsusiyyəti məsuliyyətli və məqsədyönlü olmasıdır. Uğur təkcə biliklə ölçülmür, eyni zamanda davamlılıq, öz üzərində işləmək bacarığı, sosial məsuliyyət hissi və cəmiyyətə fayda vermək istəyi ilə bağlıdır. Bu gün gənc yalnız fərdi uğurunu deyil, cəmiyyətin inkişafında öz rolunu da düşünməlidir. Digər vacib xüsusiyyətlərdən biri təşəbbüskarlıqdır. Gənc insan imkan gözləməməli, özü imkan yaratmağı bacarmalıdır. Eyni zamanda dəyişən dünyaya uyğunlaşmaq, yeni bacarıqlar qazanmaq və daim öyrənməyə açıq olmaq da uğurun əsas açarlarından biridir".

QHT sədri həmçinin bildirib ki, rəhbərlik etdiyim təşkilat fəaliyyətini əsasən gənclərin sosial fəallığının artırılması, onların şəxsi və peşəkar inkişafına dəstək, həmçinin həssas qruplara aid olan gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində qurub. Biz müxtəlif maarifləndirici təlimlər, psixoloji dəstək proqramları, bacarıqartırma kursları və sosial layihələr həyata keçiririk:

"Xüsusilə gənclərin məşğulluğu və özünəinamının artırılması bizim üçün prioritet sahələrdəndir. Layihələrimiz çərçivəsində gənclərin liderlik bacarıqlarının formalaşdırılması, komanda işi, kommunikasiya və karyera planlaması üzrə təlimlər təşkil olunur. Eyni zamanda gənclərin təşəbbüslərini dəstəkləyir, onların ideyalarının reallaşması üçün platforma yaradırıq. Gələcəkdə daha çox gəncin ictimai proseslərdə aktiv iştirak etməsini, qərar qəbuletmə mexanizmlərində təmsil olunmasını arzulayıram. İnanıram ki, güclü dövlətin təməlində düşünən, savadlı, vətənpərvər və sosial məsuliyyətli gənclik dayanır. Bizim əsas hədəfimiz gəncləri passiv müşahidəçidən aktiv dəyişiklik yaradan subyektə çevirməkdir. Gənclərə demək istərdim ki, özlərinə inansınlar, çətinliklərdən qorxmasınlar və heç vaxt inkişafdan dayanmasınlar. Çünki indiki gənclərin bir çoxu çətinliklərdən çox qorxurlar və ona görə uğur qazana bilmirlər. Ancaq başa düşməlidirlər ki,hər bir gəncin potensialı var və əsas məsələ onu düzgün istiqamətdə üzə çıxarmaqdır. Dövlətin yaratdığı imkanlardan maksimum yararlanın, amma eyni zamanda cəmiyyətə fayda verməyi də unutmayın. Gələcək sizin əllərinizdədir".

Seçilən
75
35
qht.az

10Mənbələr