525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasinın Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurası tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib.
525.az-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiringiriş sözündə dəyirmi masanın əsas heyətini təşkil edən gənc tədqiqatçılara qarşıdakı əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gələcəyə yönəlmiş uğurlu gənclər siyasətinin formalaşdırılmasını müstəqil Azərbaycanın dövlət strategiyasının əsas istiqamətlərindən hesab edib və bu baxımdan, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin qüdrətinin artırılması naminə onun hərəkətverici qüvvəsi olan gənclərə daim böyük inam bəsləyib, cəmiyyətimizdə onların inkişafının təmin olunması üçün zəruri şərait yaradıb.

Akademik Fuad Əliyev bu siyasi xəttin bəhrələrindən biri kimi, elm sahəsində də gənclərin yenilikçi rolunun gündən-günə artdığını xüsusi qeyd edib, Gəncə Bölməsində elmi istiqamətdə gənclərin inkişafı üçün lazımi şərait yaradıldığını bildirib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Ulu Öndər Heydər Əliyevin ideyaları kontekstində gənc alim fenomeni: elmi düşüncənin yeni paradiqmaları”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənc tədqiqatçıların beynəlxalq elmi əməkdaşlıq imkanları”, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov “Elmin davamlılığında gənc nəslin strateji mövqeyi”, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Rəqəmsal transformasiya dövründə gənclərin elmi fəaliyyəti”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva “Elmi potensialın inkişafına gənclər siyasətinin təsiri” və Bölmənin Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tərcüməsi şöbəsinin baş laborantı Jasmin Abbasova “Elmi nailiyyətlərin cəmiyyətə transferində gənclərin rolu” mövzusunda çıxış ediblər.
Tədbirin yekununda AMEA-nın Gəncə Bölməsinin sədri fəal elmi və ictimai mövqelərinə, eləcə də bugünki dəyirmi masada dolğun çıxışlara görə gənc tədqiqatçılara təşəkkür edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Zakir Muradov,
Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.