Abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib
Dövlət İmtahan Mərkəzində (DİM) 26-30 yanvar tarixlərində fənlər üzrə elmi-metodik seminarlar keçirilib.
Ölkə.az xəbər verir ki, seminarlarda 2025-ci ildə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş ədəbiyyat (II qrup), kimya (I qrup), fizika (I və IV qrup), tarix (III və II qrup), coğrafiya (III (TC altqrupu)), riyaziyyat (II qrup) fənləri üzrə test tapşırıqlarının müzakirəsi aparılıb.
Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
26 yanvarda informatika fənni üzrə seminarda I ixtisas qrupu üçün, 29 yanvarda isə biologiya fənni üzrə seminarda IV ixtisas qrupu üçün imtahan materiallarının hazırlanmasında istifadə edilən “Metodik göstərişlər” kitabçasının müzakirəsi aparılıb.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində abituriyentlərin cavablandırmaqda çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcək.
Müzakirələr növbəti həftə davam etdiriləcək.