Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyevlə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov arasında keçən görüşdə tərəfdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.
"Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə və 2025-ci ilin nəticələrini yüksək qiymətləndiriblər, onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni parlaq səhifə kimi qeyd ediblər. Qeyd olunub ki, ötən il yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də mədəni-humanitar mübadilənin fəal inkişafını əhatə edən zəngin gündəliklə fərqlənib", - məlumatda deyilir.
Tərəflər qeyd ediblər ki, Azərbaycan və Türkmənistan Prezidentləri İlham Əliyevin və Serdar Berdiməhəmmədovun, həmçinin türkmən xalqının Milli lideri, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsləri sayəsində ikitərəfli münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.
Orta Dəhliz çərçivəsində layihələr də daxil olmaqla, enerji və nəqliyyat sahələrində, həmçinin ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vurğulanıb.
Bundan əlavə, tərəflər görüşdə 2026-cı ildə Türkmənistanda və Azərbaycanda keçirilməsi planlaşdırılan qarşıdan gələn beynəlxalq forumlar, görüşlər və digər tədbirlərlə bağlı məsələləri müzakirə ediblər.
Xüsusi diqqət 2026-cı ilin payızında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının 8-ci Məsləhətləşmə görüşünə yönəldilib. Vurğulanıb ki, Azərbaycanın bu formatda ilk dəfə tam hüquqlu iştirakçı kimi iştirakı regional əməkdaşlıq və dialoqun daha da gücləndirilməsi üçün mühüm addım olacaq.