AZ

Ürək problemlərinə daha çox meylli insanlar müəyyən edildi

Gec saatlarda aktiv olmağı üstün tutan və əksər insanların artıq yatdığı vaxt ayıq qalan şəxslərin ürək-damar sağlamlığı göstəriciləri orta hesabla daha zəif olur.

Turkustan.az "Associated Press"ə istinadən xəbər verir ki, bu qənaətə "Brigham and Women’s Hospital” və "Harvard Medical School”dan olan alimlər 300 mindən çox insanın məlumatlarını təhlil edərək gəliblər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, "bayquş” olmaq hökm deyil. Onların sözlərinə görə, əsas problem insanın daxili bioloji saatları ilə cəmiyyətin həyat ritmi arasındakı uyğunsuzluqdur. Məhz bu "xrono-disbalans” ürək üçün faydalı vərdişlərə əməl etməyi çətinləşdirir.

Ürək-damar xəstəlikləri ABŞ-da və bir çox digər ölkələrdə ölümün əsas səbəbi olaraq qalır. Amerika Kardiologiya Assosiasiyası ürək sağlamlığına təsir edən səkkiz əsas amili qeyd edir: fiziki aktivlik, siqaretdən imtina, keyfiyyətli yuxu, sağlam qidalanma, həmçinin çəkinin, arterial təzyiqin, qanda şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması.

Tədqiqatçılar "bayquşlar”da risklərin daha yüksək olmasını sirkadiyal ritmlərlə — yəni yalnız yuxu və oyaqlığı deyil, eyni zamanda ürək-damar sisteminin fəaliyyətini, maddələr mübadiləsini, stress hormonlarının səviyyəsini və arterial təzyiqi tənzimləyən daxili bioloji saatlarla əlaqələndirirlər. Bu ritmlər hər insanda fərqlidir, lakin iş, təhsil və tibbi müayinələr kimi sosial qrafik əsasən "erkən oyananlar”a uyğun qurulub.

Araşdırma çərçivəsində alimlər dünyanın ən iri biotibbi bazalarından biri olan "UK Biobank”ın məlumatlarından istifadə ediblər. İştirakçıların təxminən 8 faizi özünü "bayquş”, yəni günün ikinci yarısında və axşam saatlarında daha aktiv olan insanlar kimi xarakterizə edib. Təxminən dörddə biri "erkən oyananlar”a aid olub, qalanları isə aralıq mövqedə yer alıblar.

Müşahidə orta hesabla 14 il davam edib. Bu müddət ərzində axşam xronotipinə malik şəxslərdə ilk infarkt və ya insult riski orta yuxu-oyanıqlıq rejiminə malik iştirakçılarla müqayisədə 16 faiz daha yüksək olub. Bundan əlavə, xüsusilə qadın "bayquşlar”da ürək-damar sağlamlığının ümumi indeksinə görə mənfi göstəricilər daha tez-tez qeydə alınıb.

Tədqiqatın rəhbəri Sina Kianersinin sözlərinə görə, risklərin azaldılmasının açarı bioloji xüsusiyyətlərin dəyişdirilməsində deyil, həyat tərzinin uyğunlaşdırılmasındadır. Daha çevik iş qrafikləri, yuxu rejiminə diqqət, müntəzəm fiziki aktivlik və risk amillərinə nəzarət gec xronotipin mənfi təsirlərini əhəmiyyətli dərəcədə azalda bilər.

Müəlliflər qeyd ediblər ki, gələcək araşdırmalar axşam saatlarında aktiv olan insanlar üçün ürəyi qorumaqda hansı tədbirlərin daha effektiv olduğunu daha dəqiq müəyyənləşdirməyə imkan verəcək./Qaynarinfo/

Seçilən
67
26
turkustan.az

10Mənbələr