Nizami rayonu sakinləri ərazidə yaşıllıq sahələrinin günü-gündən azalmasından narahatdırlar. 

Xüsusilə, icra hakimiyyətinin arxasında yerləşən istirahət parkı faktiki olaraq avtomobil parkına çevrilib. Sakinlər iddia edirlər ki, yaşıllıq sahələrinin azalması, səkilərin zəbt olunması və səs-küy onları ciddi şəkildə narahat edir.

Editor.az  bildirir ki, Musavat.com-un əməkdaşı ərazidə olub, yerində araşdırma aparıb, sakinlərlə söhbətləşib.

Əliəhəd Qurbanov icra hakimiyyətinin arxasındakı beşmərtəbəli yaşayış binasında yaşayır. O bildirib ki, yaxınlıqdakı binada təmir işləri aparıldığı üçün arada səs-küy olur: “Hər gün işdən evə, evdən işə bu yolla gedib gəlirəm. Səhv etmirəmsə, uşaq evinin binasında iş görürlər, ordan səsdən gəlir. Parkla bağlı böyük problem olmasa da, ara-sıra ağacları kəsirlər. Başa düşə bilmirik ki, məqsəd nədir. Hara baxırsan, maşındır, düzdür, maşınları haradasa saxlamaq lazımdır, amma ağacları qırmaq olmaz!”

Mətanət xanım da ərazidə yaşayan sakinlərdəndir. Onun sözlərinə görə, əvvəllər ərazidə ağaclıq ərazi daha geniş idi: “İllərdir burada yaşayıram. Hər səhər uşaqları məktəbə aparıb-gətirirəm. Günü-gündən maşınların sayı artır. Səkilər daralır, hər tərəfdən maşın çıxır. Uşaqlar üçün narahatıq”.

Lamiyə Pənahova isə maşınların sayının çoxalmasından daha çox, ağacların sayının azalmasından şikayətçidir: “Kütləvi şəkildə olmasa da, ara-sıra bir bəhanə ilə ağaclar kəsilir. Bu gedişlə təmiz havaya həsrət qalacağıq. Başa düşürəm, əhalinin sayı artıb, şəhərə köç də çoxalıb deyə maşınların sayı da artıb, amma gələcəyi də fikirləşmək lazımdır. Qır-qır, hara qədər? Bu qədər tikinti bir yandan, hava onsuz da kirlənir, o biri tərəfdən də yaşıllıq azalırsa, biz nə ilə nəfəs alaq?”

Musavat.com yaşıllıq ərazilərin azalması ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə sorğu ünvanlamağa çalışsaq da, əlaqə saxlamağa müvəffəq olmadıq. Cavab olacağı təqdirdə qarşı tərəfin mövqeyini dərc edəcəyik.

media-33media-34media-35media-36media-37media-38media-39