AZ

Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ədəbiyyatşünas alimin elmi yaradıcılığına həsr olunmuş sərgiyə baxış olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəmini vurğulayıb. İsa Həbibbəyli bildirib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünkü nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Vurğulanıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

“Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoyub. O, Vaqifin bütöv obrazını yaradıb. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarıb”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətindən söz açaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olub. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçib və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərib.

Sonra filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası” mövzusunda məruzə ilə çıxış edərək alimin ədəbiyyatşünaslığımıza verdiyi töhfələr barədə danışıb.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edib ki, Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoyub və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlər göstərib.

Daha sonra Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki, fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alimin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi” mövzusunda məruzə ilə çıxış edərək alimin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıb.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

 

Seçilən
38
39
azertag.az

10Mənbələr