AZ

Milyardlıq sərmayələr, ticarət dövriyyələri və möhkəmlənən dostluq münasibətləri

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı yüksək səviyyədədir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 4,21 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 24 faiz artım deməkdir. Çin ardıcıl iki ildir ki, Azərbaycanın ən böyük idxal mənbəyi olaraq qalır.

Çin istehsalı olan elektrik nəqliyyat vasitələri, maşın və mexanizmlər, eləcə də elektrik avadanlıqları Azərbaycan bazarında geniş populyarlıq qazanıb. Azərbaycan artıq yeddi ildir ki, ardıcıl şəkildə Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edir və Çində ölkəmizin «Ticarət evləri» fəaliyyət göstərir. Bu isə Azərbaycan məhsullarının – şərab, nar şərabı, qurudulmuş meyvələr, mürəbbələr, çay və digər yerli məhsulların tanıdılmasına mühüm töhfə verir. Ölkəmizin əməkdaşlığı  Çinin «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla həm də Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib.

Bu gün Çin şirkətləri Azərbaycanda günəş və külək enerjisi, neft və qaz qazma işləri, keramik plitə istehsalı, elektrik avtobuslarının yığılması və fiber-optik genişzolaqlı şəbəkələrin qurulması kimi sahələrdə layihələri uğurla həyata keçiriblər. Bu layihələr iqtisadi əməkdaşlığımızı zənginləşdirməklə yanaşı, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə də mühüm töhfə verir.

Təbii ki, son bir neçə ildə xarici investorların ölkəmizə marağının artması birmənalı olaraq davamlı iqtisadi inkişafla bağlıdır. Xüsusilə Azərbaycanda investorlara yaradılan şəffaf və səmərəli mühit burada əsas prioritetdir . Xarici investorlar aydın şəkildə görürlər ki, ölkəmizdə  biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətlərini də Azərbaycana investisiya yatırmağa sövq edir.  Bu gün ölkəmizə investisiya yatırmağı hədəfləyən Çin şirkətlərindən biri «China National Chemical Engineering»dir. Şirkət Azərbaycanla iqtisadi əməkdaşlığını genişlənməsini hədəflədiyini  bildirib.  Qeyd edək ki, CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində yüzlərlə meqalayihəni həyata keçirmiş transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana investisiyaya cəlb olunması ən son texnologiyaların ölkəyə gətirilməsinə, mövcud neft-kimya infrastrukturlarının («SOCAR Polymer», Sumqayıt Kimya Parkı və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun dərinləşməsinə, neft-kimya sektorunun diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya və kapital axınına şərait yarada bilər.  CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Okeaniya daxil olmaqla dünyanın 55 ölkəsində 1200- dən çox layihə həyata keçirib.

Ölkəmizə investisiya yatırmaqda maraqlı olan digər Çin şirkəti «Powerchina Group»dur. Bu şirkət isə yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və avadanlıq istehsalı ilə məşhurdur. «Powerchina»nın yaşıl enerji üzrə təcrübəsi Azərbaycanda günəş, külək və yaşıl hidrogen layihələrinin reallaşmasına töhfə verə bilər. Bu, ölkənin enerji balansını təmiz enerji mənbələri ilə zənginləşdirəcək, karbonun azalmasına yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ enerji formaları Azərbaycana enerji diversifikasiyası və beynəlxalq ekoloji standartlara uyğunluq imkanı yaradacaq.  Gələcəkdə bu şirkətin layihələri Çin-Azərbaycan ticarət dövriyyəsini və investisiya mübadiləsini daha da gücləndirə bilər. Sözügedən şirkət hazırda geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2024-cü ildə gəliri 98 milyard dollar təşkil edən şirkətin fəaliyyəti  hazırda 130-dan çox ölkə və bölgədə  fəaliyyət göstərir.

Bundan başqa,  Çinin «CCCC» (China Communications Construction Company) şirkəti də Azərbaycana sərmayə yatırmaq niyyətindədir. Şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlıdır.  «CCCC» həm də dünya miqyasında «Belt and Road Initiative» (BRI) layihələrinin əsas icraçılarındandır. Şirkət 150-yə yaxın ölkəyə məhsul və xidmət təqdim edir.

Ölkəmizə sərmayə yatırmağı planlaşdıran digər ştrkət  «China Electronics Technology Group Corporation»dur. (CETC) milli idarəetmə sistemlərinin səmərəliliyini artırmaq, kibertəhlükəsizliyi təmin etmək, rəqəmsal iqtisadiyyatın inkişafına təmin etmək üzrə ixtisaslaşıb. CETC-in 40-dan çox ixtisaslaşmış tədqiqat müəssisəsi və texnoloji mərkəzi var. 30-dan çox ölkədə rəqəmsal transformasiya və kibertəhlükəsizlik layihələri həyata keçirir. İllik təxminən 3000-4000 yeni patent alır ki, bu da CETC-in Çin elektronik və rəqəmsal texnologiyalar sahəsində liderlərdən biri olduğunu təsdiqləyir.

Çinin «China Energy Engineering Corporation Limited»in («Energy China») gələcəkdə ölkəmizə planlaşdırdığı sərmayə işində məqsəd bərpaolunan enerji sahəsində inkişafı daha da sürətləndirməkdir. Şirkətin güclü maliyyə resursları və geniş beynəlxalq təcrübəsi onun regionda davamlı və ekoloji təmiz layihələr həyata keçirməsinə zəmin yaradır. Şirkət 100-dən çox ölkədə 1500-dən artıq enerji və infrastruktur layihələri həyata keçirir. Onun gəlirinin 30 faizdən çoxu yaşıl enerji sektorundan gəlir. Su resurslarının idarə olunması və tullantıların təmizlənməsi layihələri əsas inkişaf prioritetlərindən biri olub, bu sahəyə ayrılan investisiya illik 3 milyard dollar səviyyəsindədir.

Elçin Zaman, «İki sahil»

Seçilən
84
50
ikisahil.az

10Mənbələr