
Xırdalan şəhərində torpaq sahəsini tikinti şirkətinə verən sakin bunun qarşılığında almalı olduğu 5 mənzili 18 ildir ki, təhvil ala bilmir. AFN.az-ın xəbərinə görə, bu şikayətlə “Qafqazinfo”ya müraciət edən vətəndaş Cahangir Xalıqov bildirib ki, sözügedən müqavilə hələ 2008-ci ildə bağlanıb.
FHN-in keçmiş əməkdaşı olduğunu deyən şikayətçinin sözlərinə görə, geridə qalan illərdə tikinti bir neçə əl dəyişib: “2008-ci ildə Xırdalan şəhəri Axundov küçəsi 39 ünvanında yerləşən və ailəmizə məxsus olan 34 sot torpaq sahəmizi “Hasil” MMC-yə müqavilə ilə satdıq. Şirkətin təsisçisi Elman Tağıyev bizə 5 yaşayış mənzili və 1 qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürdü”.
Tikinti işləri başlayandan bir müddət sonra binanı tikən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o həbs edilib. Şikayətçi deyir ki, prokurorluq vətəndaşların evlə təmin edilməsi məsələsini “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova həvalə edib: “İsfəndiyar bildirdi ki, 6 əmlakdan ikisindən imtina edək, bizə 4 mənzil verməyi təklif etdi. Lakin bununla razılaşmadıq”.
Məsələ ilə bağlı 2024-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə noyabrda mülklərin vətəndaşa verilməsi barədə qətnamə çıxarıb. Daha sonra Ali Məhkəmənin Mülki Kollegiyası da 2025-ci ilin 27 noyabr tarixində qərar qəbul edərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.
C.Xalıqov əlavə edib ki, qarşı tərəf hələ də qərarı icra etmir: “Ailəmizə məxsus olan 34 sot torpaq sahəsi hazırda 3 milyon manata yaxın bazar dəyərinə malikdir. Onların mənə vermək istədiyi 4 mənzilin dəyəri isə heç yarım milyon etmir”.
![]()
İttihamlarla bağlı “Şərur” MTK-nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirib ki, şirkət yalnız Baş Prokurorluğun təqdim etdiyi siyahıda adları yer alan şəxslərin zərərlərini kompensasiya etməyi üzərinə götürüb: “Siyahıya yalnız yaşayış sahələri daxildir. Adıçəkilən şəxsə qeyri-yaşayış sahəsinin siyahıda yer almadığı barədə dəfələrlə məlumat verilib”.