AZ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

AFN.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan obub. O, təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın təməl daşını qoyan Rəsulzadə, hələ 17 yaşında ikən “Müsəlman gənclik təşkilatı”nı yaradıb.

1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının sədri seçilən M.Ə.Rəsulzadə, bir gün sonra — 28 mayda Azərbaycanın istiqlaliyyətinin elan olunmasına rəhbərlik edib. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprel işğalından sonra Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə aparan böyük mütəfəkkir 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Məhəmməd Əmin Rəsulzadənin irsinin qorunması məqsədilə müstəqillik illərində dövlət tərəfindən mühüm addımlar atılıb. Prezidentlər Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev tərəfindən müxtəlif illərdə onun yubileylərinin keçirilməsi və ailə üzvlərinin sosial məsələlərinin həlli ilə bağlı sərəncamlar imzalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı xüsusi Sərəncam imzalayıb.

Seçilən
22
afn.az

1Mənbələr