AZ

Azarkeşlər stadionu boş qoydular: Klub sükut içində qələbə qazandı - FOTOLAR

İtaliyanın “Latsio” klubunun azarkeşləri klub prezidenti Klaudio Lotitoya etiraz olaraq stadionu, demək olar ki, tamamilə boş qoyublar.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Roma təmsilçisi A Seriyasında “Cenoa”nı qəbul edib və oyunun son dərəcə dramatik keçməsinə baxmayaraq, qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qalibiyyət qolu oyuna əlavə edilmiş 10-cu dəqiqədə təyin olunan penalti ilə vurulub. Lakin bu nəticə belə azarkeşlərin etirazını yumşaltmayıb.

“Stadio Olimpiko”da baş tutan görüşdə tribunaların böyük hissəsi boş qalıb. Yalnız az sayda azarkeş komandanı dəstəkləmək üçün stadiona gəlib. Bu səssiz və soyuq mənzərə klub rəhbərliyinə, xüsusilə də prezident Lotitoya açıq mesaj kimi qiymətləndirilib.

Qələbədən sonra Mauritsio Sarrinin komandası turnir cədvəlində 8-ci pilləyə yüksəlsə də, lider “İnter”dən 20 xal geri qalır. “Latsio”, eyni zamanda, Çempionlar Liqasına vəsiqə verən zonadan 11, Konfrans Liqasından isə 8 xal uzaqdadır.

Azarkeşlərin narazılığı yanvar transfer pəncərəsində klubun siyasəti ilə daha da artıb. Maliyyə problemlərinə görə ötən yay transfer qadağası alan klub bu dəfə də aparıcı futbolçularını satmaqla gündəmə gəlib. Hücumçu Valentin Kastelyanos 25 milyon funt-sterlinq qarşılığında “Vest Hem”ə, yarımmüdafiəçi Matteo Genduzi isə oxşar məbləğə “Fənərbaxça”ya transfer olunub.

Bu satışlardan əldə edilən vəsaitin yalnız cüzi hissəsi yeni oyunçulara xərclənib. “Latsio” “Ayaks”dan Kennet Teyloru heyətinə qatsa da, digər transferlər - Adrian Pşıborek, qapıçı Edoardo Motta və Daniel Maldini – azarkeşləri qane etməyib. Baş məşqçi Sarri yeni hücumçu Petar Ratkovun adını belə əvvəllər eşitmədiyini etiraf edib.

Azarkeşlər stadionu boş qoymaqla, klubun son illərdə heyət keyfiyyətinin aşağı düşməsinə etiraz ediblər. Onların fikrincə, klub rəhbərliyi Françesko Acerbi, Sergey Milinkoviç-Saviç, Luis Alberto və Ciro İmmobile kimi lider futbolçuların gedişindən sonra layiqli əvəz tapmayıb.

Kastelyanos və Genduzinin satışı isə səbir kasasını daşıran son damla olub. Üstəlik, müdafiəçi Alessio Romanyolinin Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı xəbərlər gərginliyi daha da artırıb.

Daha əvvəl komandanın “zəiflədildiyini” açıq şəkildə deyən Mauritsio Sarri azarkeşlərə verdiyi sözə görə klubdan ayrılmayacağını bildirib. Təcrübəli mütəxəssis qeyd edib ki, “Latsio” xaricdən göründüyü kimi deyil və bu klub azarkeşləri ilə xüsusi bağa malikdir.

"Cebheinfo.az"

Seçilən
30
cebheinfo.az

1Mənbələr