Futbol üzrə Fransa yığma komandasının və “Milan”ın qapıçısı Mayk Menyan İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011-ci illər mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,4 milyon avro müqabilində elə, “Lill”dən keçib.
Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 20 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.
Ümumilikdə Menyanın “rossoneri”nin heyətində çıxış mənzərəsi belədir: 188 oyun, 190 buraxılmış qol, 70 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).
Mayk Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 37 oyuna çıxıb, 28 qol buraxıb və 20 oyundan “quru” qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Menyan “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
