Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 01 avqust 2025-ci il tarixdə, saat 01:00 radələrində Bakı–Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib.
Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus “Mercedes Benz E-220” markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən, yaşayış məntəqəsi üçün müəyyən edilmiş maksimum 60 km/saat sürət həddinə əməl etməyərək nəqliyyat vasitəsini 70 km/saat sürətlə idarə edib. Nəticədə Elvin maşınla həmin vaxt yolu hərəkət istiqamətində soldan sağa keçən piyada –2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub.
Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib.
Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk edib və yol-nəqliyyat hadisəsi yerindən qəsdən qaçıb.
Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Elvin Əliyev əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarında çalışıb. Hadisədən bir müddət öncə o, mənfi motivlərə görə xaric olunub.
Kamal Bayramov