AZ

Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verib

Səsvermə krallıq ailəsi ətrafında qalmaqallar və ictimai dəstəyin azalması fonunda baş tutub...

Poliqon xəbər verir ki, Norveç parlamenti - Stortinq monarxiyanın saxlanılmasının lehinə səs verib. Norveç mediasının məlumatına görə, 169 deputatdan 141-i monarxiyanın qorunmasını dəstəkləyib, 26 deputat isə əleyhinə səs verib. Ölkədə respublika idarəetmə formasına keçid üçün parlamentdə üçdə iki səs çoxluğu tələb olunur və bu hədd aşılmayıb.

Səsvermə Norveç kral ailəsi ətrafında baş verən bir neçə qalmaqal və monarxiyaya ictimai dəstəyin azalması fonunda keçirilib. Xüsusilə vəliəhd şahzadə Mette-Maritin ailəsi ilə bağlı hadisələr ictimai müzakirələrə səbəb olub.

Fevralın 3-də Osloda vəliəhd şahzadə Mette-Maritin 29 yaşlı oğlu Marius Borq Höybi barəsində məhkəmə prosesi başlayıb. O, ümumilikdə 38 cinayətdə, o cümlədən dörd zorlamada ittiham olunur. Təqsiri sübuta yetirilərsə, Höybinin 10 ilədək azadlıqdan məhrum edilməsi mümkündür.

Eyni zamanda, Mette-Maritin özü də ABŞ-də Ceffri Epşteyn işi üzrə dərc edilən yeni sənədlər fonunda qalmaqalın mərkəzinə düşüb. Seksual cinayətlərdə ittiham olunan Epşteynlə Mette-Maritin əlaqələrinin əvvəl məlum olandan daha yaxın olduğu üzə çıxıb.

Media yazır ki, 2011-ci ildən etibarən Epşteyn və şahzadə Mette-Marit arasında səmimi və isti yazışmalar olub. Mette-Marit daha əvvəl iddia edirdi ki, 2013-cü ildə Epşteynin kral ailəsi ilə əlaqələrdən “istifadə etməyə” çalışdığını anladıqdan sonra onunla münasibətləri kəsib. Lakin yeni açıqlanan sənədlər yazışmaların 2014-cü ilin yayına qədər davam etdiyini göstərir.

Norveç kral ailəsi yanvarın 30-da yaydığı bəyanatda bildirib ki, vəliəhd şahzadə Epşteynin törətdiyi cinayətlərin miqyası və xarakteri barədə məlumatlı olmayıb.

Mette-Marit isə Verdens Gang nəşrinə açıqlamasında deyib ki, onun keçmişi haqqında daha çox məlumat toplamaması və necə bir insan olduğunu kifayət qədər tez anlamaması ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr