AZ

250 manatın ümidinə buraxılan əlil: “Gəzə bilmirəm, o pul heç dərmanıma çatmır, mən necə eləyim?”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir sakini Fərhad Məmmədov II qrup əlildir. O, buna görə 250 manat pensiya alır.

1988-ci il təvəllüdlü Fərhad Məmmədov Bizimyol.info xəbər portalına danışır ki, bu 250 manat nəinki dolanışığına, heç iynə-dərmanına çatmır. Sağlamlığında ciddi problemlər olan Mingəçevir sakini illərdir ki, yerimək qabiliyyətini itirib. O, əlil arabasında hərəkət edir: “2009-cu ildən bu yana ağır xəstəliklərdən əziyyət çəkirəm. Ən ciddi problem diz oynaqlarımda oldu, yeriyə bilmədim. Sağlamlığım getdikcə daha çox sıradan çıxdı”.

Onun nitqində də problemlər yaranıb. Sağlıq durumuyla əlaqədar ailə qurmayan Fərhad Məmmədov anası və bacısı ilə birlikdə yaşayır: “Onların da heç biri işləmir ki, mənə maddi baxımdan da kömək eləyə bilsinlər. Çünki 250 manat pensiya mənim kimi ağır xəstənin dərmanlarına çatmır. Heç olmasa, birinci qrup da vermirlər. Bəs mən necə eləyim? Faktiki işləmək qabiliyyətim yoxdur. Mən heç gəzə bilmirəm, necə işləyim?”

Fərhad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, onun vəziyyətinə çarə istəyir: “Düşünürəm ki, dövlət vətəndaşını tək, çarəsiz vəziyyətdə qoymaz, qoymamalıdır. Mən neyləyim, necə eləyim? Axı verilən 250 manatı heç cür çatdırmaq olmur. Xahiş edirəm, mənə dəstək olsunlar”.

Fərhad Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinə də yardım üçün müraciət edib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elşən Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra əlillər də daxil olmaqla, vətəndaşların dövlətin tabeliyindəki xəstəxanalarda müayinə və müalicəsi dövlət hesabına təmin olunur: “Əgər hər hansı xəstəliyi varsa, bizim şəhər xəstəxanasına müraciət edə bilər. Heç biz deməsək də dövlət tərəfindən diqqət və qayğı göstərilir, dərmanla Eyni zamanda, dediyiniz kimi, vətəndaş II qrup əlil olaraq, 250 manat pensiya alır. Əgər pensiyasının məbləği onu qane etmirsə, bu məsələ icra hakimiyyətinə aid deyil. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki quruma aid məsələdir”.

Fərhad Məmmədovun icra hakimiyyətinə müraciətinin nəticəsinə gəlincə, Elşən Əliyev qeyd edib ki, onda belə bir vətəndaşın müraciətilə bağlı məlumat yoxdur: “İcra Hakimiyyətinin büdcəsində bu kateqoriyadan şəxslərə maddi yardımla bağlı vəsait nəzərdə tutulmayıb. Bununla bağlı bələdiyyəyə müraciət edə bilər”.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
bizimyol.info

1Mənbələr