AZ

Sosial xidmətlər tam rəqəmsal mərhələyə keçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində mətbuat konfransı keçirildi. Tədbirdə sosial sahədə rəqəmsal xidmətlərin tətbiqi, ötən il görülən işlər və cari ildə planlaşdırılan fəaliyyətlər, həmçinin istifadəyə veriləcək yeni xidmətlər , eyni zamanda, pensiya, təqaüd və əlillik təyinatlarında süni intellekt alətlərinin tətbiqinə dair məlumat verildi.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov məlumat verdi ki, 2026-cı ildə görüləcək işlər arasında süni intellektlə bağlı planlar nəzərdə tutulur. Həm vətəndaşlar, həm də daxili proseslərin rəqəmsallaşması üçün planlaşdırılan məsələlər var. O bildirdi ki, əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur. Burada məqsəd həkimlərə və sürətli qərarvermə prosesinə dəstək göstərməkdir. 

“Həmçinin məcburi dövlət sosial sığorta haqqı hesabına verilən 4 müraciət proaktiv şəkildə təqdim ediləcək. Bununla bağlı hazırda işlər aparılır. Bildiyimiz kimi, dövlət işçilərinin istehsalatda bədbəxt hadisələrdən sığortalanması ilə bağlı fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyalarına əlavə edilib. Hazırda həmin sistemin qurulması ilə bağlı işlər həyata keçirilir. Martdan həmin sistem istifadəyə veriləcək və dövlət qurumlarında çalışan şəxslər sığorta məbləğləri ilə tanış ola biləcəklər. Eləcə də sığorta ödənişləri ilə bağlı məlumatlar və onların ödənişlərinin həyata keçirilməsi həmin sistem üzərindən həyata keçiriləcək. Nəzərdə tutulan məsələlərdən biri də əməyin mühafizəsi ilə bağlı bölmənin yaradılmasıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq sistemdə funksionallıqlar yaradılacaq. Ezamiyyə vərəqlərinin elektronlaşdırılması ilə bağlı həm hüquqi bazanın təkmilləşdirilməsi, həm də funksionallığın yaradılması nəzərdə tutulub. Eləcə də kadr anketi və CV funksionallığının yaradılması planlaşdırılır. Burada vətəndaşlara bir neçə CV dizaynı təqdim edəcəyik. Həmin CV-ləri pdf formasında QR kod və barkodla istədikləri işəgötürənə təqdim edə bilərlər”, - mərkəzin direktoru vurğuladı.

K.Əkpərov qeyd etdi ki, “e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub: “Həmçinin portalda süni intellekt əsaslı “iDOST” köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib.

Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Eyni zamanda, tətbiq daxilindəki rəqəmsal barkod və QR-kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir”.

Mərkəzin direktoru diqqətə çatdırdı ki, nazirliyə daxil olan vətəndaş müraciətlərinin cavablarının süni intellekt vasitəsilə hazırlanması əməkdaşlara daha sürətli cavab vermək imkanı verəcək.

Səbuhi MƏMMƏDOV

Cavid Qaçayev (foto)

XQ

Seçilən
35
1
xalqqazeti.az

2Mənbələr