Hazırda Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Hökmə əsasən təqsirləndirilənlərdən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.
Bundan əlavə, məhkəmənin hökmü ilə Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan isə 19 il azadlıqdan məhrum edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan erməni ekspert və fəal İşxan Verdyan bildirib ki, məhkumlar layiq olduqları cəzanı alıblar:
“Şəxsi mövqeyimə gəldikdə, məhkum edilmiş şəxsləri yaxından tanıyıram və törətdikləri cinayətlər mənə yaxşı məlumdur. Onların yerinin həbsxana olduğuna inanıram. İstər Bakıda, istərsə də ən azı İrəvanda. Bu baxımdan, şəxsi qənaətimə görə, layiq olduqları cəzanıaldıqlarını deyə bilərəm”.
Verdyan bildirib ki, Azərbaycan cəmiyyəti və Azərbaycan dövləti baxımından yanaşdıqda, məhkəmə qərarı olduqca ədalətlidir:
“Azərbaycanın prizmasından bu məsələ Qarabağın işğalı və işğal dövründə həmin ərazilərdə baş verənlərlə bağlı son dərəcə ağrılı bir tarixə söykənir. Azərbaycan xalqı bu prosesdən birbaşa zərər görüb və bu səbəbdən qəbul edilən məhkəmə qərarları bu kontekstdə təbii və gözləniləndir”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmlərin oxunması ilə davam etdirilir.
Tehran Orucoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta