Türkiyənin Kahramanmaraş bölgəsində inşa olunan "Azərbaycan" yaşayış məhəlləsində ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
AzNews.az xəbər verir ki, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı deyib.
MİDA rəsmisi məlumat verib ki, məhəllənin ümumi sahəsi 27,6 hektar təşkil edir:
"Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1 194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1 595 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Məhəllənin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının da tikintisi tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir və hamısı 4 mərtəbəlidir".
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürü olaraq Azərbaycan zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib.