AZ

Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib

2025-ci il ərzində Abşeron rayonu və ətraf ərazilərdə təhsil infrastrukturunun inkişafı istiqamətində genişmiqyaslı layihələr icra olunub. İl ərzində bölgədə 3 yeni tam orta ümumtəhsil məktəbi tikilərək, 3 məktəb isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tikilən məktəblər sırasında Abşeron rayonu Hökməli qəsəbəsində müasir standartlara cavab verən 1200 şagird yerlik tam orta ümumtəhsil məktəbi də yer alır. Məktəb binasında 50 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, İKT kabinetləri, kompüter sinfi, idman zalı və açıq idman meydançası, 8000-dən çox kitab fondu olan kitabxana, inklüziv təhsil otaqları, akt zalı və yeməkxana yaradılıb. Burada 80 nəfərlik müəllim heyəti fəaliyyət göstərir. Bundan başqa, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik tam orta məktəb, eləcə də Xırdalan şəhərində 8 nömrəli 960 şagird yerlik tam orta məktəb müasir standartlara uyğun tikilərək istifadəyə verilib.

Ötən il ərzində əsaslı təmir olunan təhsil müəssisələri də tədris mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verib. Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılıb və əlavə olaraq 960 şagird yerlik yeni korpus inşa edilib. Sumqayıt şəhər 36 nömrəli 1296 şagird yerlik tam orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri həyata keçirilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbdə isə mövcud bina əsaslı təmir olunub, əlavə 22 sinif otağı tikilib və məktəbin maddi-texniki bazası yenilənib.

Qeyd olunan layihələr Abşeron bölgəsində artan şagird sayına uyğun mövcud məktəblərdə yaranan sıxlığın azaldılmasına, tədrisin daha səmərəli təşkilinə, şagirdlər üçün təhlükəsiz, rahat və müasir təhsil mühitinin yaradılmasına mühüm töhfə verir.

Seçilən
26
6
azedu.az

7Mənbələr