Ömürlük azadlıqdan məhrum edilən Araik Harutyunyan məhkəmənin bu cür qərar verəcəyini əvvəlcədən gözləyirdi. Bunu anews.az-a açıqlamasında onun vəkili Cavid Rzazadə deyib.
“Araik Harutyunyan bu məhkəmə qərarına hazır idi. Məhkəmənin ömürlük həbs cəzası verə biləcəyini bilirdik. Təbii ki, nə ittiham aktı, nə də hökm ilə razı deyilik,” — vəkil bildirib.
Müdafiə tərəfinin apelyasiya şikayəti verib-verməyəcəyi ilə bağlı suala cavabında Rzazadə qeyd edib ki, bu barədə qərar vermək hələ tezdir. Onun sözlərinə görə, məhkəmə prosesi yenicə başa çatıb və məsələni müvəkkili ilə müzakirə etmək imkanı olmayıb.
Fevralın 5-də Bakı Hərbi Məhkəməsində davam edən Ermənistan vətəndaşlarının sülh və insanlıq əleyhinə, müharibə cinayətləri üzrə məhkəmə prosesi çərçivəsində Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
N.Təbrizli