Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Son bir neçə mövsümdə ilk dəfə fevralda gələcək çempionun kimliyi ilə bağlı indidən nəsə demək mümkün deyil. Adətən, “Qarabağ” ilin bu vaxtı əsas rəqibləri ilə fərq açırdısa, indi əksinə, ağdamlılar “Sabah”dan 4 xal geri qalır. “Köhlən atlar” üç cəbhədə - çempionat, kubok və Çempionlar Liqasında mübarizə aparır. Bu isə sanki “Sabah”ın işini asanlaşdırır. Amma bir məqam da var ki, “bayquşlar” “Qarabağ”ın avrokubok oyunları olmayanda da həm oyun, həm də nəticə baxımdan “köhlən atlar”ı məğlub etmişdi. Masazır təmsilçisi çempionatda ardıcıl 7 oyundu qələbə qazanır. Cəmi 1 məğlubiyyətləri var, o da 3-cü turda “İmişli”dən alınıb. Bu komanda avqustdan bəri məğlubiyyətin nə olduğunu bilmir. Bəs “Sabah”ı çempionluğa real namizəd saymaq olarmı? Valdas Dambrauskasın “qələbə maşını”nı kim dayandıra bilər? “Qarabağ”ın üç cəbhədə oynaması, fevralın sonuna qədə başının ÇL-ə qarışması litvalı mütəxəssisin “çörəyinə yağ sürtmürmü”?U-21-in məşqçisi Fərid Namazov bu sualları cavabladı:
“Sabah”ın bu ilki çıxışı həqiqətən çox yaxşı alınır. Düşünürəm ki, burda həm oyunçu keyfiyyəti, həm də məşqçi işi böyük rol oynayır. Bəlkə də Murad Musayevdən sonra komandaya gələn ən yaxşı legioner məşqçi Dambrauskasdı. Ən azı indiyə kimi olan işə görə deyirəm. Strukturlu komanda formalaşdırmağı bacarıb. Oyuna baxanda tam nə etdiyini bilən komanda görürük. İstər oyunun içində, istərsə də standart vəziyyətlərdə. Komanda mövsümün əvvəlində bu səviyyədə olsaydı, hətta bəlkə Avroliqada əsas mərhələyə yüksələrdi. “Qarabağ”la yarışa gəlincə, “köhlən atlar” bu gün 4 xal geridə olsalar da, favoritdilər. Amma bu günə qədər “Sabah”ın göstərdiyi oyun alqışalayiqdi, istər-istəməz rəqabəti və liqanın keyfiyyətini də artırır. Ümid edirəm ki, mübarizə son turlara kimi davam edəcək, layiq olan çempion olacaq. Məncə, “Kəpəz”ə məğlubiyyətdən sonra “Qarabağ” işi daha ciddiyə almağa başlayıb. Əlbəttə, bir neçə cəbhədə mübarizə aparmaq çətin olacaq. Amma “Qarabağ” bu dönəmlərdən çox keçib deyə, daha təcrübəlidi”.
MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.