AZ

Türkiyə masa qurdu, İran istəmədi. Kimdir günahkar?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış jurnalist Şöhrət Eldəniz öz feysbuk hesabında yazıb: "Tehran rejimi deyir ki, biz ölsək də türkün əlindən su içmərik. Bu sözü Firdovsinin vaxtından deyirlər. Bizə çatmır ki çatmır... Ankara neçə müddətdir... vasitəçilik edir, ona-buna ağız açır, sonda da qaldı kənarda. Lazımdır sənə itə qurda görə kiməsə ağız açmaq?!"

Məlum olduğu kimi, ABŞ-la İran arasında münaqişəni diplomatik yollarla həll etmək, İrana hırbi müdaxilənin qarşısını almaq üçün Türkiyə çox böyük səy göstərdi, tərəflərlə danışdı, onları danışıqlar masasına oturmağa razı saldı. Hətta tərəflər arasında görüş üçün öz platformasını da təklif etdi. Danışıqlar İstanbulda olmalı idi. Ancaq son məqamda Tehran bu təklifdən imtina edib, Omanın paytaxtı Maskat görüş yeri olaraq seçildi. Bu isə Türkiyə cəmiyyətində, mediasında təəccüblə, haqlı narazılıqla qarşılandı. Bu, Azərbaycan mediasına da proyeksiya olunub.

Yenə də deyirəm, bu narazılıq haqlıdır, əsaslıdır: Tehranın molla rejiminə görə kimsəyə ağız açmaq mənasız və yanlış görünür. Üstəlik nəticədə prosesdən kənarda qalırsansa.

Ancaq hətta kənarda qalacaqsansa belə, vasitəçilik etmık, kimlərəsə ağız açmaq lazım gəlir.

Bəzən bu, qaçılmaz olur. Mən Türkiyə hökumətinə haqq qazandırmaq mənasında demirəm. Türkiyə sülh vasitəçiliyini etməli idi. Onsuz da bu münaqişədə vasitəçilik edə biləcək iki dövlət var: Azərbaycan və Türkiyə. Qalan hər kəs bu və ya başqa dərəcədə tərəfdir. Bu, məsələnin bir tərəfi. O biri tərəfdən isə, Türkiyə Tehrandakı molla rejimini yox, İran xalqını, xüsusilə də, İrandakı sayı 30 milyondan çox, bəlkə 40 milyon olan Azərbaycan türklərini, eləcə də, türkmənləri, qaşqayları xilas etməyə çalışır. Nəhayət, ən əsası öz təhlükəsizliyini təmin etmək üçün çalışır. İranla Türkiyənin uzunluğu 500 kilometrdən çox olan sərhədləri var. PKK terror təşkilatınım İranda PJAK adlı qolu var, kürdlərin silahlı dəstələri var.

İran çoxmillətli ölkədir. Təsəvvür edin: 93 milyon nəfərlik bir cəmiyyət parçalanır, ölkədə vəziyyət nəzarətdən çıxır. Bundan ən çox zərər çəkən kim olacaq?! Türkiyə, sonra Azərbaycan.

Son nəticədə Türkiyə masadan kənarda buraxılsa belə, vasitəçilik etməyə dəyərdi. Türkiyə etməsə, Azərbaycan etməli idi. Ya da ən uzaqbaşı Pakistan. Başqa kim var həm ABŞ-la, həm İranla danışıb, masaya oturmağa razı salacaq?! Heç kim.

İranın bu cür davranacağını Türkiyə əvvəldən bilməmiş deyildi; məncə, sürpriz olmadı. Çünki İran üçün Türkiyə bölgədə tarixən və hazırda da rəqib dövlətdir. Ankaranın Vaşinqtonla Tehran arasında vasitəçiliyi onsuz da ilkin nəticə verib: tərəfləri masa arxasına oturmağa razı salıb. Bundan sonrakı mərhələdə - masanın özü uğurlu alınsa, Türkiyənin geosiyasi çəkisi artardı. Bu da İran rejiminə sərf eləmir. Omanın belə bir perspektivi yoxdur, Türkiyənin isə var. Ona görə Tehran Ankaranın missiyyasına bir yerə qədər razı olur. Bəlli bir həddən sonra bu vasitəçilikdən imtina edir. Bunun günahkarı Türkiyə deyil. Əlbəttə, əgər Oman yox, Türkiyə olmaq günah sayılmırsa...

Odur ki, jurnalist Şöhrət Eldəniz yazdığı statusunda haqlıdır, ancaq Türkiyə də haqlıdır. Haqsız olanlar başqalarıdır.

Seyid Əhmədli,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
bizimyol.info

1Mənbələr