AZ

Müəllimlərin “çətin” adlandırdığı imtahanlar: problem sualdadır, yoxsa bilikdə?

Müəllimlərin bir qismi imtahanların tez-tez keçirilməsi və çətinliyi ilə bağlı şikayətlər səsləndirir. Lakin reallığa baxdıqda, müəllim öz fənnini yaxşı bilirsə, imtahanlardan narahat olmasına ehtiyac yoxdur.

Öz ixtisası üzrə sertifikasiya imtahanında lazımi səviyyədə nəticə göstərə bilməyən və ya imtahandan kəsilən müəllim həmin biliklə şagirdə necə dərs deyə bilər?

Belə olan halda, imtahanların çoxluğu və çətinliyindən şikayət etmək nə dərəcədə əsaslıdır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.

Ümumilikdə imtahan suallarını “çətin” adlandırmaq düzgün yanaşma deyil:

“Müəllimlərin imtahanların tez-tez keçirilməsi və çətinliyi ilə bağlı səsləndirdikləri fikirlər, sizin də qeyd etdiyiniz kimi, geniş müzakirə olunur. Düşünürəm ki, bu yanaşma tam düzgün deyil. Çünki imtahanlar tez-tez keçirilmir. Sertifikasiya prosesi hər 5 ildən bir həyata keçirilir və bu prosesdə müsbət nəticə göstərən müəllimlərin əməkhaqqında artım olur. Eyni zamanda, onlar növbəti 5 il ərzində fəaliyyətlərini davam etdirirlər. İkinci dəfə sertifikasiyaya cəlb olunduqdan sonra isə Elm və Təhsil nazirinin də qeyd etdiyi kimi, uğurlu nəticə göstərən müəllimlər artıq növbəti sertifikasiya prosesinə cəlb olunmaya bilərlər. Bu halda onlar metodist, baş metodist və ya digər müvafiq vəzifələrə keçirilirlər.

İmtahanların çətinliyi məsələsinə gəldikdə isə, bu barədə yalnız o zaman danışmaq olar ki, həqiqətən də proqramdan kənar, çətin suallarla qarşılaşaq. Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramdan, nəşr etdiyi dərslik və metodik vəsaitlərdən kənar suallar təqdim olunarsa və müəllimlər bu suallarla ilk dəfə üzləşərsə, həmin halda narazılıqlar haqlı hesab edilə bilər.

Amma ümumilikdə imtahan suallarını “çətin” adlandırmaq düzgün yanaşma deyil. Əgər biz ixtisasımızı dərindən biliriksə, uzun müddət - ən azı 5 il və ya daha artıq pedaqoji fəaliyyətlə məşğul olmuşuqsa, imtahanların çətinliyindən şikayət etməməliyik. Əlbəttə, imtahan prosesində texniki və ya elmi xətalar istisna edilmir. Belə hallar ola bilər və bu, təbiidir. Biz yalnız bu kimi konkret qüsurlara diqqət yetirməliyik: niyə bu sualda səhv var, niyə elmi yanlışlıq mövcuddur”.

Əgər müəllim illərlə dərs dediyi fənn üzrə sualları cavablandıra bilmirsə, bu zaman onun şagirdlər qarşısında dərs deməsi sual altına düşür:

“Onsuz da bu cür hallarda Elm və Təhsil Nazirliyi və ya Dövlət İmtahan Mərkəzi tərəfindən həmin suallar müəllimin xeyrinə hesablanır. Amma ümumilikdə imtahan sualları çətindir deyə yanaşmaq doğru deyil. Əgər biz hər hansı imtahanda minimal bilikləri nümayiş etdirə bilmiriksə, bu halda auditoriyaya daxil olub şagirdlərə dərs deməyimizin nə dərəcədə düzgün olduğu sual altına düşür.

Əgər biz öz ixtisasımız üzrə illərlə dərs dediyimiz fənnə aid sualları cavablandıra bilmiriksə, o zaman şagirdlərin qarşısına çıxmağımız doğru deyil. Burada söhbət ən azı 5 il pedaqoji fəaliyyət göstərmiş müəllimdən gedir. Belə olan halda çalışmalıyıq ki, öz üzərimizdə işləyək, müasir dövrün tələblərinə uyğun olaraq özümüzü inkişaf etdirək, bilik və bacarıqlarımızı artırmaq üçün daim öyrənək.

Məlum olduğu kimi, növbəti sertifikasiya prosesinin birinci mərhələsi bütün fənləri əhatə etməklə yekunlaşacaq. Sertifikasiyadan kifayət qədər uğur qazanan müəllimlərimiz var. Amma təəssüf ki, minimal tələbləri ödəməyən şəxslər də mövcuddur. Bu şəxslər illərlə Azərbaycan gənclərinə, Azərbaycan övladlarına təhsil veriblər. Düzdür, bunu hamıya şamil etmək olmaz. Lakin Nazirliyin təqdim etdiyi siyahıya baxdıqda görürük ki, bəziləri saxta diplomlarla uzun müddət, xüsusilə paytaxtdan kənar bölgələrdə fəaliyyət göstəriblər”.

Seçilən
2
1
azedu.az

2Mənbələr