AZ

Bahar Bəylərova Ələkbərova: “Qarayev musiqisi həm estetik, həm də psixoloji təsir gücünə malikdir”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olduğu gündür. Görkəmli bəstəkar Qara Qarayev 1918-ci ildə Bakıda tanınmış həkim və tibb professoru Əbülfəz Qarayev ilə Sona Axundova-Qarayevanın ailəsində dünyaya gəlib. Musiqiyə olan istəyi uşaqlıqdan özünü göstərib və 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə daxil olub. 1930-cu ildə Qarayev Bakı musiqi fəhlə fakültəsinin fortepiano şöbəsində təhsilini davam etdirib, 1935-ci ildən isə konservatoriyanın bəstəkarlıq fakültəsində, professor Leopold Rudolfun sinfində təhsil alıb. Onun əsərləri balet, simfonik, opera və kamera musiqisi - Azərbaycan klassik musiqisinin inkişafında xüsusi yer tutur. Qarayev həm də pedaqoq kimi fəaliyyət göstərərək gələcək nəsil bəstəkarların yetişməsinə töhfə verib.Qara Qarayevin yaradıcılığı Azərbaycan klassik musiqisinin zənginləşməsinə necə töhfə verib?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Bahar Bəylərova-Ələkbərova bildirib ki, Azərbaycan klassik musiqisinin zənginliyi, həmçinin Qarayevin qoyduğu bünövrə üzərində dayanır.

psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Bahar Bəylərova-Ələkbərova

“Qara Qarayev Azərbaycan klassik musiqisini təkcə yeni əsərlərlə deyil, yeni düşüncə tərzi ilə zənginləşdirdi. O, milli musiqi yaddaşını müasir kompozisiya texnikaları ilə birləşdirərək Azərbaycan musiqisini regional çərçivədən çıxarıb beynəlxalq estetik dialoqa daxil etdi. Simfonik dilində muğam intonasiyalarının fəlsəfi dərinlik qazanması, balet və simfoniyalarında insanın daxili konfliktlərinin musiqi vasitəsilə ifadəsi bunu açıq göstərir.

Psixoloji baxımdan Qarayevin yaradıcılığı dinləyicinin emosional-intellektual iştirakını tələb edir. Onun musiqisi yalnız “eşidilmir”, düşündürür və hiss etdirir. Gərginlik–rahatlama, ziddiyyət–harmoniya balansı insan psixikasının daxili mexanizmlərinə toxunur. Bu səbəbdən Qarayev musiqisi həm estetik, həm də psixoloji təsir gücünə malikdir.

Qarayevin ən böyük töhfələrindən biri də məktəb yaratmasıdır. O, tələbələrinə hazır formul yox, yaradıcı məsuliyyət ötürürdü. Bu ənənə nəsildən-nəslə keçib. Mən özüm Qara Qarayevin tələbəsi olmuş Elnarə Dadaşovanın tələbəsi olmuşam. Bu, təkcə pedaqoji ardıcıllıq deyil, düşüncə və dəyərlər zənciridir: musiqiyə dürüst yanaşma, intellektual cəsarət və milli köklərə hörmət.E.Dadaşovadan polifoniya fənnindən fərdi dərs almışam. Magistr dissertasiya işim də Elnarə Dadaşovanın fortepiano üçün yazdığı muğam və çoxsəsli musiqinin möhtəşəm bərabərliyindən doğan prelüd-fuqaların tədqiqi istiqamətində olmuşdu. Həmişə deyirdim elə bil Ü.Hacıbəyov və İ.S.Bax musiqisinin sintezidir. Düşünürəm ki, Elnarə müəllimənin belə bir əsəri yaratmsı da Qara Qarayevin emosional və intellektual zəkasının süzgəcindən gəlirdi. Çünki tələbələr müəllimin açdığı pəncərələrdən baxır.

Bu gün Azərbaycan klassik musiqisinin zənginliyi, həmçinin Qarayevin qoyduğu bünövrə üzərində dayanır - həm səsdə, həm fikirdə, həm də insanın daxili dünyasına toxunmaq gücündə”-deyə Bahar Bəylərova-Ələkbərova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
icma.az

1Mənbələr