AZ

Tramp Macarıstandakı parlament seçkiləri ərəfəsində Orbana dəstəyini açıqlayıb

ABŞ prezidenti Macarıstanın baş nazirini “əsl dost və qalib” adlandıraraq onun yenidən seçilməsini açıq şəkildə dəstəklədiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkiləri ərəfəsində Macarıstanın baş naziri Viktor Orbana açıq siyasi dəstəyini ifadə edib. Tramp bu barədə özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşım edib və Orbanı şəxsi dostu adlandırıb.

“2022-ci ildə Viktorun yenidən seçilməsini dəstəklədiyim üçün qürur duymuşdum və bunu yenidən etmək mənim üçün şərəfdir. Viktor Orban əsl dostdur, mübarizdir və qalibdir və Macarıstanın baş naziri postuna yenidən seçilməsi üçün mənim tam və mütləq dəstəyimə malikdir və o, heç vaxt Macarıstanın böyük xalqını yarı yolda qoymayacaq”, deyə Tramp qeyd edib.

ABŞ prezidenti bildirib ki, Orbanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Onun sözlərinə görə, bu əməkdaşlıq ABŞ və Macarıstanın daha böyük uğurlara imza atmasına və ikitərəfli əlaqələrin inkişafına imkan verəcək.

Xatırladaq ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı il tarixinə təyin edilib. Həmin seçkilərdə Milli Assambleyanın yeni tərkibi formalaşdırılacaq və eyni zamanda Viktor Orbanın siyasi karyerasının gələcəyi müəyyən olunacaq.

Qeyd edək ki, yanvar ayında Bloomberg agentliyi Orbanın Macarıstanda prezident institutunun səlahiyyətlərini gücləndirmək və gələcəkdə bu posta yiyələnmək niyyətində olduğu barədə məlumat yayıb. Bu iddialar ölkə daxilində və Avropa siyasi dairələrində geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr