“Azərişıq” ASC sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda maarifləndirici tədbirlər, görüşləri davam etdirir.
Publika.az xəbər verir ki, belə görüşlərdən biri Xankəndində təşkil olunub.
Xankəndi Elektrik Şəbəkəsində (EŞ) baş tutan görüşə 20-dən çox sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir-bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.
Həmçinin tədbir iştirakçılarına elektron xidmətlər barədə ətraflı məlumat verilib. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Həmçinin həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib.