AZ

Ləman İbrahimova: Artıq 80 dən çox yerli və beynəlxalq süni intellekt startapı www.asanhub.ai platformasına cəlb olunub MÜSAHİBƏ

ain.az, Azertag saytına istinadən bildirir.

ASAN Süni İntellekt platforması hazırda 8 Azərbaycan universiteti, eləcə də Böyük Britaniyanın Oksford Universiteti, Çin Xalq Respublikasının Tsinghua Universiteti və Türkiyənin Koç Universiteti ilə əməkdaşlıq qurub

Bakı, 6 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Süni intellekt texnologiyaları qlobal miqyasda artıq yalnız innovativ alət kimi deyil, iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edərək idarəetmə modellərinə, istehsal proseslərinə və rəqabət mühitinə birbaşa təsir göstərir. Dövlət, biznes və elmi mühit arasında süni intellektə əsaslanan əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti artdığı bir şəraitdə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) milli innovasiya və tədqiqat ekosistemində rolu, eləcə də onun iqtisadi və institusional təsirləri ilə bağlı AZƏRTAC-ın suallarını ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova cavablandırıb.

-Platformanın əsas strateji hədəfləri hansılardır və bu hədəflər dövlət xidmətlərində süni intellektin tətbiqinə necə töhfə verəcək?

- ASAN AI Hub Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb. ASAN AI Hub-ın (www.asanhub.ai) əsas missiyası Azərbaycanda süni intellekt (Sİ) ekosisteminin inkişafını sistemli və sürətli şəkildə təşviq etmək, dövlət qurumları, özəl sektor, akademik mühit və startap icması arasında davamlı əməkdaşlıq platforması formalaşdırmaqdır. Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda verdiyi tapşırıq əsasında təsis edilib və ölkənin süni intellekt sahəsində transformasiyasına strateji dəstək göstərməyi hədəfləyir.

Bu missiyanın həyata keçirilməsi üçün çağırışlara dair standartlar müəyyənləşdirilib, əməkdaşlıq mexanizmləri formalaşdırılıb və süni intellekt həllərinin yaradılması, inkişafı və effektiv tətbiqi üçün zəruri ekosistem qurulub. Strateji səviyyədə fəaliyyətimiz dörd bir-biri ilə əlaqəli sütun üzərində qurulub: Açıq İnnovasiya, Tədqiqat və İnkişaf, Biznes Həlləri və Süni İntellekt Kursları. Bu sütunlar real ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq, onların tədqiqat mərkəzlərinə və startaplara ötürülməsi, institusional potensialın gücləndirilməsi və uzunmüddətli dayanıqlığın təmin olunmasına qədər süni intellekt tətbiqinin tam dövrünü əhatə edir

ASAN AI Hub-ın əsas məqsədlərindən biri açıq innovasiyanı həm yerli, həm də qlobal miqyasda süni intellektin tətbiqi üçün birbaşa mexanizmə çevirməkdir. ASAN Xidmət modelindən ilhamlanaraq (burada standartlar və nəzarət mərkəzləşdirilib, xidmətlərin göstərilməsi isə desentralizasiya olunub) eyni prinsipi “ASAN AI Hub”da tətbiq edirik. Hub çərçivəni, qaydaları və standartlarını müəyyən edir, icra və tətbiq üzərində mülkiyyət isə təşkilatlar, startaplar və tədqiqatçılarda qalır.

Bu yanaşma çağırışəsaslı açıq innovasiya modeli vasitəsilə həyata keçirilir. Dövlət qurumları və özəl təşkilatlar platformada süni intellekt çağırışları yerləşdirirlər. Hər bir çağırış problemin təsviri, uğur meyarları, qiymətləndirmə kriteriyaları, gözlənilən istifadə ssenariləri, müraciət qaydaları, şərtləri və mükafat mexanizmini özündə ehtiva edir. Startaplar, tədqiqatçılar və ekspertlər bu çağırışlara prototiplərlə cavab verir, təqdim edilən həllər isə müstəqil ekspert şurası tərəfindən şəffaflıq, keyfiyyət və etibarlılığı təmin etmək məqsədilə qiymətləndirilir.

Bu model dövlət və özəl təşkilatlara süni intellektə olan abstrakt maraqdan konkret, nəticəyönümlü sınaqlara keçməyə imkan verir, satınalma risklərini azaldır və uyğun həllərin daha sürətli aşkarlanmasını təmin edir. Ən əsası isə süni intellektin tətbiqi texnologiyayönümlü deyil, real ictimai ehtiyaclara əsaslanan tələbyönümlü prosesə çevrilir.

Digər əsas strateji məqsəd dövlət və özəl sektorun tələblərini tədqiqat potensialı ilə birləşdirməkdir.

ASAN AI Hub ayrı-ayrı akademik tədqiqatların maliyyələşdirilməsinə deyil, uyğunlaşdırma (matching) platforması kimi fəaliyyət göstərir. Biz təşkilatlardan tətbiqi tədqiqat sorğularını qəbul edir və onları müvafiq tədqiqatçılar, universitetlər və Tədqiqat və İnkişaf mərkəzləri ilə, həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələndiririk. Bu yanaşma tədqiqat fəaliyyətlərinin real əməliyyat problemlərinə uyğun olmasını, elmi əsaslara söykənməsini və tətbiq üçün aydın yol xəritəsinə malik olmasını təmin edir.

Bu model sayəsində tədqiqatlar xidmətlərin təkmilləşdirilməsi üçün strateji alətə çevrilir və praktiki reallıqlardan uzaq akademik fəaliyyət kimi qalmır. Bu istiqamətdə biz artıq 8 Azərbaycan universiteti, eləcə də Böyük Britaniyanın Oksford Universiteti, Çin Respublikasının Tsinghua Universiteti və Türkiyənin Koç Universiteti ilə əməkdaşlıq qurmuşuq. Eyni zamanda, “Oxford Insights” ilə əməkdaşlıq edirik və hesab edirik ki, sənayedən daxil olan sorğuların artması ilə bu şəbəkə genişlənəcək.

Təşkilatlarda süni intellektin tətbiqi yalnız xüsusi hazırlanmış həllərlə məhdudlaşmaması üçün ASAN AI Hub artıq sınaqdan keçmiş istifadəyə hazır qlobal süni intellekt həllərini “Biznes Həlləri” modulunda kataloq formasında təqdim edir. Burada Azərbaycan və beynəlxalq bazarlardan olan süni intellekt startapları və alətləri toplanır. Bu seçimləri biz qlobal sammitlər, texnologiya sərgiləri və Avropa, Asiya, Yaxın Şərq və Afrika üzrə innovasiya ekosistemləri ilə birbaşa əlaqələr vasitəsilə həyata keçiririk. Bu yanaşma dövlət qurumlarına qlobal müqayisə aparmağa, tətbiq müddətini qısaltmağa və əsaslandırılmış tərəfdaşlıq qərarları verməyə imkan yaradır.

Nəticə etibarilə süni intellektin uğurlu tətbiqi insan faktorundan asılıdır. Bu səbəbdən ASAN AI Hub-ın məqsədlərindən biri də əhali arasında süni intellekt savadlılığının artırılmasıdır. “Apolitical”, “MinnaLearn”, “GenAI Works” və digər aparıcı qlobal təşkilatlarla tərəfdaşlıq çərçivəsində süni intellektin əsasları, dövlət sektorunda istifadə halları, etik və idarəetmə məsələləri, həmçinin tətbiqi süni intellekt üzrə modul və praktik təlim proqramları təqdim edirik.

Qlobal təcrübə göstərir ki, transformativ texnologiyalar nadir hallarda ayrı-ayrı institutlar çərçivəsində inkişaf edir; onlar əməkdaşlıq, birgə sınaqlar və davamlı öyrənmə yolu ilə formalaşır. ASAN AI Hub açıq innovasiya, tədqiqatların uyğunlaşdırılması, bazara çıxış və bacarıqların inkişafını vahid platformada birləşdirərək, süni intellektin tətbiqi üçün çevik, şəffaf və ictimai dəyərə uyğun milli yol xəritəsi yaradır.

Mahiyyət etibarilə bizim strateji məqsədimiz təşkilatlarda süni intellekti təşəbbüsdən icraya keçirmək, onun daha sürətli olmaqla yanaşı, məsuliyyətli, miqyaslana bilən və dayanıqlı şəkildə tətbiqini təmin etməkdir.

⁠ - ASAN AI Hub fəaliyyətə başladığı son iki ay ərzində hansı əsas işləri həyata keçirib və ilkin nəticələr nədən ibarətdir?

-Yarandığı qısa müddət ərzində ASAN AI Hub tətbiqi və məsuliyyətli süni intellektə yönəlmiş sürətlə inkişaf edən ekosistem formalaşdıraraq innovasiya, potensialın artırılması, tədqiqat və beynəlxalq əlaqələr üzrə ilkin, ölçülə bilən nəticələr əldə edib.

“Biznes Həlləri” və “Startap Kataloqu” çərçivəsində artıq 80-dən çox yerli və beynəlxalq süni intellekt startapı www.asanhub.ai platformasına cəlb olunub. Davamlı və institusional əməkdaşlığın təmin edilməsi məqsədilə “Apolitical”, “GenAI Works”, “Breakthrough Social Enterprise”, “Bayraktar Teknoloji Azerbaijan” və “MinnaLearn” daxil olmaqla 9 təşkilatla rəsmi tərəfdaşlıq qurulub və uzunmüddətli əməkdaşlıq mexanizmlərini müəyyən edən anlaşma memorandumları imzalanıb.

Eyni zamanda, ASAN AI Hub-ın institusional və fiziki infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, ASAN AI Hub Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək.

Süni intellekt savadlılığı və bacarıqların inkişafı sahəsində platformada hazırda qlobal tərəfdaşlar tərəfindən təqdim olunan 23 onlayn proqram mövcuddur. Bu proqramlar müxtəlif öyrənmə templərinə və peşəkar qrafiklərə uyğunlaşdırılıb və maşın öyrənməsi, prompt mühəndisliyi, davamlı inkişaf üçün süni intellekt, eləcə də dövlət sektoru üçün süni intellektin əsasları, satınalma prosesləri və iqlim, səhiyyə sahələrində tətbiqlər kimi mövzuları əhatə edir. Bu qısa müddət ərzində artıq 50 iştirakçı bu təlim proqramlarını uğurla başa vurub.

Onlayn təlimlərlə yanaşı, ASAN AI Hub canlı vebinarlar da təşkil edib. İlk vebinar Edinburq Universitetinin professoru Xəladdin Rzayev tərəfindən təqdim olunaraq maliyyə sektorunda maşın öyrənməsi və generativ süni intellekt tətbiqlərinə həsr edilib. Bu təşəbbüs xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin könüllü şəkildə bilik və təcrübələrini bölüşməsi üçün marağı artırıb.

Paralel olaraq Böyük Britaniya, Çin və Türkiyədən olan spikerlərin iştirakı ilə vebinar silsiləsi planlaşdırılıb və indiyədək bu vebinarlara 100-dən çox iştirakçı cəlb olunub.

Tədqiqat və bilik istiqamətində ASAN AI Hub-ın şəbəkəsinə hazırda 19 tədqiqatçı cəlb olunub və 8 universitet və tədqiqat institutu ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıqlar tətbiqi tədqiqatların təşviqinə, istedadların inkişafına və akademiya–sənaye əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Açıq innovasiyanın stimullaşdırılması məqsədilə platformada özəl sektor tərəfindən aqrar sahə üzrə iki çağırış elan edilib və təqdim olunan həllərin qiymətləndirilməsi prosesinə 8 sahə üzrə müstəqil ekspert cəlb olunub.

Həmçinin ötən il ASAN AI Hub “Take Off 2025” İstanbul Sammitində təmsil olunaraq beynəlxalq əməkdaşlığın və ölkənin innovasiya potensialının tanıdılmasına töhfə verib.

-ASAN AI Hub-ın beynəlxalq əməkdaşlıq istiqamətləri hansılardır və bu sahədə yaxın dövrdə hansı praktiki addımların atılması planlaşdırılır?

-“Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei süni intellektin hazırkı inkişaf mərhələsini “yeniyetməlik dövrü” kimi xarakterizə edir. Onun fikrincə, bu mərhələdə süni intellekt texnologiyalarının imkanları hökumətlərin və təşkilatların institusional hazırlıq səviyyəsindən xeyli sürətlə inkişaf edir.

Bu kontekstdə əsas çağırış artıq texnologiyaya çıxışın təmin olunması deyil, dövlətlərin və təşkilatların bacarıqlar, idarəetmə və tənzimləmə mexanizmləri, eləcə də insan kapitalı baxımından bu sürətli texnoloji inkişafla ayaqlaşa bilməsidir.

Bu yanaşma Dünya İqtisadi Forumu daxil olmaqla qlobal siyasət müzakirələrində də açıq şəkildə vurğulanır. Burada süni intellektlə bağlı rəqabət qabiliyyətinin texnologiyanın mövcudluğundan deyil, bacarıqların, institutların və liderliyin keyfiyyətindən asılı olacağı qeyd olunur. Bu kontekstdə ASAN AI Hub beynəlxalq əməkdaşlığı strategiyasının mərkəzinə yerləşdirərək, xüsusilə bacarıqların artırılması, tətbiqi tədqiqatlar və strukturlaşdırılmış bilik transferinə fokuslanır.

Bu institusional yanaşma beynəlxalq səviyyədə də tanınıb. “Apolitical” tərəfindən açıqlanan “Government AI 100 – 2026” qlobal siyahısı süni intellektin dövlət idarəçiliyində idarə olunması, tətbiqi və məsuliyyətli istifadəsinə mühüm töhfə verən aparıcı dövlət qulluqçularını və hökumət liderlərini bir araya gətirir. 2026-cı il siyahısına ASAN AI Hub platformasının rəhbəri Ləman İbrahimova da daxil edilib.

Bu beynəlxalq tanınma ASAN AI Hub çərçivəsində həyata keçirilən fəaliyyətlərin - xüsusilə məsuliyyətli süni intellekt idarəçiliyi, açıq innovasiya mexanizmlərinin qurulması və genişmiqyaslı institusional potensialın artırılması istiqamətində görülən işlərin - qlobal miqyasda əhəmiyyətini və təsirini təsdiqləyir.

Siyahını hazırlayan “Apolitical” dünyanın ən böyük dövlət qulluqçuları icmalarından biri olaraq, 160 ölkədən 400 mindən çox dövlət qulluqçusunu bir araya gətirir, bilik mübadiləsi, peşəkar şəbəkələşmə və onlayn təlim imkanları vasitəsilə daha effektiv və dayanıqlı dövlət idarəçiliyinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Hazırda ASAN AI Hub 7 beynəlxalq tərəfdaşla əməkdaşlıq memorandumları imzalayıb. Yaxın dövr üçün əsas prioritet bu tərəfdaşlıqları dərinləşdirərək birgə təlim proqramları, tədqiqat təşəbbüsləri və innovasiya layihələri vasitəsilə ölçülə bilən nəticələr əldə etməkdir.

Birinci və ən vacib prioritet qabaqcıl beynəlxalq təcrübəni sistemli şəkildə ölkəyə transfer etməkdir. “Apolitical”, “MinnaLearn”, “AI Academy Asia”, “GenAI Works” və “Geneva Innovation Movement” kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində yüksək keyfiyyətli qlobal süni intellekt təhsili yerli icma üçün əlçatan edilib.

Məsələn, Stanford Universitetinin professorları tərəfindən hazırlanmış və “Google” tərəfindən maliyyələşdirilən yeddi pulsuz süni intellekt təlim proqramı “Government AI Campus” vasitəsilə ASAN AI Hub istifadəçilərinə təqdim olunur. Bu proqramlar dövlət sektorunda süni intellekt anlayışını gücləndirir, məsuliyyətli tətbiqi dəstəkləyir və gələcəkdə institusional ehtiyaclara uyğunlaşdırılmış daha ixtisaslaşmış modulların birgə yaradılması üçün zəmin yaradır. Artıq 20-dən çox dövlət qurumu əməkdaşı bu təlimləri yekunlaşdırıb və beynəlxalq sertifikatlarını alıblar. Digər prioritet tətbiqi tədqiqatların inkişafı və ölkənin bilik əsaslı iqtisadiyyata keçidinin dəstəklənməsidir.

Yaxın perspektivdə ASAN AI Hub çağırışəsaslı həllərin miqyasını genişləndirməyi, birgə tədqiqat və inkişaf layihələrini artırmağı, əlavə beynəlxalq tədqiqat sorğularını platformaya inteqrasiya etməyi və yerli və qlobal startaplarla əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bu addımlar Azərbaycanın qlobal süni intellekt ekosistemində mövqeyini daha da möhkəmləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
azertag.az

1Mənbələr