Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin Azərbaycana səfəri İran ətrafında baş verən gərginliklə bağlıdır. Bu səfərin məhz indiyə təsadüf etməsi, yəni Omanda baş tutan Amerika Birləşmiş Ştatları və İran arasında danışıqlara paralel olaraq həyata keçməsi, bir sıra strateji məqamlardan xəbər verir".
Bu fikirləri Redaktor.az-a İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edən deputat Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, Azərbaycan regionun ən nüfuzlu aktyorudur və ABŞ ilə xüsusi münasibətləri mövcuddur:
"Azərbaycanın liderliyi regionda Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edilib və belə olan halda bundan əvvəl Azərbaycana gəlmiş İran xarici işlər nazirinin səfəri zamanı Azərbaycan Prezidentinin dediyi tezislər bu qəbulda bir daha təsdiqlənmiş oldu. Azərbaycan Prezidenti qeyd edib ki, biz regionda müharibə yox, sülh istəyirik və Azərbaycan əslində müharibədən sülhə keçid modelini yaradıb. Mənə elə gəlir ki, məhz bu model İranın da müharibə ritorikasından sülh ritorikasına keçməsi üçün nümunə ola bilər. Görünür, Azərbaycanın etibarlı qonşu olması hər nə qədər bəzi İran siyasətçiləri tərəfindən şübhə ilə qarşılanırsa da, nəhayət bu həqiqət İran tərəfindən dərk edilib. Müdafiə nazirinin ifadə etməsi ki, “mən İran Prezidenti Məsud Pezeşkianın göstərişi ilə gəlmişəm”, çox mətləblərdən xəbər verir. Çünki hörmətli cənab Pezeşkianın səfəri zamanı Azərbaycan və İran prezidentləri arasında bir çox məsələlər, istər Bakıda, istər Xankəndidə ətraflı müzakirə olunub. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bu gün çox aktualdır. Yəni, müharibənin olmaması üçün biz əlimizdən gələni etməyə hazırıq fikri, İranın bu kritik mərhələsində əlbəttə ki, Azərbaycanın rasional və sülhpərvər mövqeyi kimi qiymətləndirilə bilər. Ancaq mən hesab edirəm ki, bu səfər həm də İranda Amerika və İran arasında sülh, yoxsa müharibə olacaq sualının cavabının bir qismini özündə daşıyır. Görüşmənin nəticəsi ilə bu qənaət daha aydın ifadə olunacaq və İranın seçimində mühüm rol oynayacaq".
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.