AZ

Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib

2025-ci ilin nəticələrinə əsasən, ölkədə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb.

Marja Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, ötən il ölkə üzrə 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3 276 heyvan sığortalanmışdı.

Xatırladaq ki, dövlət dəstəkli aqrar sığorta mexanizmində sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə heyvanları sığorta etdirə bilirlər. Belə ki, mövcud tariflərə əsasən, 1000 manatlıq iribuynuzlu mal-qaranın (inək, camış) sığortalanması fermerə 24–39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanların (qoyun, keçi) sığortalanması isə 7–10 manata başa gəlir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Bunun müqabilində heyvandarlıq təsərrüfatlarına verilən sığorta təminatı 46 milyon manatı keçib. Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəliklərdən, yemdən və otdan zəhərlənmədən, yanğından, ilan və həşərat sancmasından, vəhşi heyvanların hücumundan, təbii fəlakətlərdən, üçüncü şəxslərin hərəkətlərindən və sair hallardan sığorta edir. Bu hadisələr nəticəsində tələf olan heyvanlara görə sığorta ödənişləri həyata keçirilir.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər görmüş fermer və təsərrüfatlara heyvandarlıq sığortası üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.

Ötən il ən çox sığorta ödənişləri yoluxucu xəstəliklər, yemdən zəhərlənmə və vəhşi heyvanların hücumları üzrə edilib.

Aqrar Sığorta FonduAzərbaycan kənd təsərrüfatı sığortasıheyvandarlıq sığortasıfermerlər üçün sığortairibuynuzlu heyvan sığortasıxırdabuynuzlu heyvan sığortasıdövlət dəstəkli aqrar sığortaheyvan sığorta haqlarıheyvandarlıq təsərrüfatları2025 heyvan sığortası statistikasısığorta təminatıfermerlər üçün subsidiyaheyvanların yoluxucu xəstəliklərdən sığortalanmasıyem və ot zəhərlənməsi sığortasıyanğın sığortasıilan və həşərat sancması sığortasıvəhşi heyvan hücumu sığortasıtəbii fəlakətlərdən sığortaüçüncü şəxslərin hərəkətləri sığortasısığorta ödənişləri Azərbaycandafermerlər üçün maliyyə qorunmasıAzərbaycan aqrar sığorta mexanizmiheyvan sığortası artımı2024-2025 müqayisəsi
Seçilən
15
6
marja.az

10Mənbələr