AZ

23 həftəsində 540 qram doğulan körpə necə sağ qaldı?

Çox erkən doğulanlar — 22–27 həftə Bu mərhələdə doğulan körpələr çox balaca olur (400–900 qram). Ağciyərləri və digər orqanları tam formalaşmadığı üçün reanimasiya və süni tənəffüs cihazı mütləq olur. Yaşamaq riski yüksəkdir, amma müasir tibblə mümkün olur. Erkən doğulanlar — 28–31 həftə Bu dövrdə körpələr bir qədər formalaşmış olur. Tənəffüs problemləri davam edir, ancaq yaşamaq şansı əvvəlki qrupa nisbətən daha yüksəkdir. Çəkiləri adətən 1–1.5 kiloqram olur. Orta dərəcədə erkən — 32–33 həftə Bu körpələr daha yüngül çətinliklərlə doğulur. Əsas risk tənəffüs və qidalanma çətinliyidir. Çox vaxt qısa müddət reanimasiya nəzarətinə ehtiyac olur. Gec erkən — 34–36 həftə Bu mərhələdə doğulanlar ana bətnində yetkinliyə çox yaxın olur. Bəzən heç reanimasiya belə lazım olmur. Əsas problemlər qısa müddətli sarılıq, yüngül nəfəs darlığı və çəkidə azlıq ola bilər.

E-saglam.az xəbər verir ki, 18 oktyabr 2025-ci il tarixində özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.

Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.

Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb.

Hazırda ambulator müşahidəyə götürülən Nurun yaşamaq hekayəsi bir daha sübut edir ki, müasir tibb, vaxtında göstərilən ixtisaslaşmış tibbi yardım və peşəkar həkim heyətinin fədakarlığı ən çətin kliniki hallarda belə həyatın xilas edilməsinə imkan yaradır.

Onun hekayəsi vaxtından əvvəl doğulan körpələr üçün ümid və gələcəyə inam nümunəsidir.

Qeyd edək ki, bu, 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.

E-saglam.az

Seçilən
128
35
e-saglam.az

10Mənbələr