AZ

Ləğv edilmiş “Texnikabank”ın sabiq filial müdirinin oğlunun məhkəməsində zərərçəkən ifadə verib

Lisenziyası ləğv edilmiş “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifov və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən ifadə verib.

Zərərçəkən Rafael Həsənovun anket məlumatlarından məlum olub ki, o, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib və 2 il azadlıqdan məhrum edilib. Bundan başqa, Nəsimi, Qaradağ və digər rayon məhkəmələrində də zərərçəkmiş və ya şahid qismində tanınıb. O, İlham Abbasova 102 min manat ödəniş etdiyini bildirib: "Mən razılaşanda İslam Yusifov orada olmayıb. Pulu verdiyim zaman video çəkilişdə iştirak edib. Pulu İlham Abbasova vermişəm. O da zərərdən 102 min manat ödəyib".

Sualları cavablandıran R.Həsənov bildirib ki, İlham Abbasovu obyektinin satmaq üçün müraciət edəndə tanıyıb: "Onunla söhbət edərkən mənə bildirmişdi ki, oğlumu işə düzəldə bilərlər. İslamı tanımırdım. Onun adını oğlumdan eşitdim. İlham dedi ki, işə düzəltmək üçün 360 min pul lazımdır. Dedi ki, ona cəmi 10 min pul qalacaq. 100 min pulum çatmırdı. Obyektimi satılmağı ona əmanət etdim. Banka borcum olduğuna görə obyektimi satıb borcu bağladım, özümə 90 min qaldı. Üstünü düzəldib pulu verdim. Mən İlhamdan pulumu istəyirəm".

İlham Abbasov zərərçəkənin ifadəsinin yalan olduğunu bildirib. O, İslam Yusifovun xahişi ilə, video çəkilişdə iştirak etdiyini söyləyib.

Növbəti proses martın 6-na təyin edilib.

Qeyd edək ki, polisin apardığı istintaqla İslam Yusifovla İlham Abbasovun cinayət əməlini əlbir törətdikləri müəyyən edilib. İslam Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), İlham Abbasov barəsində isə 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə yekun ittihamı elan olunub. İslam Yusifov barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

“Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu 38 milyon manatı mənimsəməkdə, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluqda təqsirli bilinib. Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər, əmlakları müsadirə olunub.

Seçilən
16
5
apa.az

7Mənbələr