İtaliyada yeni qanun layihəsi gündəmdə İtaliyada Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökuməti etiraz aksiyaları zamanı 12 saatlıq qabaqlayıcı saxlanma tətbiqini və legitim müdafiə edən hüquq-mühafizə orqanlarına daha geniş hüquqi qoruma verilməsini nəzərdə tutan yeni təhlükəsizlik qanun layihəsini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin şimalında yerləşən Turin şəhərində bir sosial mərkəzin boşaldılmasına qarşı 31 yanvarda keçirilən etiraz aksiyası zamanı polis əməkdaşının çəkiclə vurulması və təxminən 100 polisin xəsarət almasının ardından hökumət yeni təhlükəsizlik qanun layihəsinin hazırlanmasını sürətləndirib.
Baş Nazirliyin yazılı açıqlamasına görə, Meloninin sədrliyi ilə toplaşan Nazirlər Kabinetinin axşam saatlarında təsdiqlədiyi yeni təhlükəsizlik qanun layihəsi etiraz aksiyalarında istənilən şəxsin 12 saatlıq qabaqlayıcı saxlanma yolu ilə aksiyadan uzaqlaşdırılmasını, legitim müdafiə edən hüquq-mühafizə əməkdaşlarına daha çox hüquqi təminat verilməsini, uşaqlara bıçaq satışının qadağan olunmasını, qadağan edilmiş bıçaqları daşıyan yetkinlik yaşına çatmayanların ailələrinə cərimə tətbiq edilməsini, partlayıcı hazırlayan şəxslərin ölkəyə girişinin yasaqlanmasını, cibgirliyə və gənclər dəstələrinə qarşı tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Baş nazir Meloni hökumətinin təsdiqlədiyi yeni layihə ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Bunlar birdəfəlik tədbirlər deyil, bu hökumətin fəaliyyətə başladığı gündən bəri izlədiyi strategiyanın növbəti mərhələsidir”.
Meloni oğurluq cinayətlərinə görə daha sərt cəzalar tətbiq etdiklərini vurğulayaraq qeyd edib:
“Bu gün təsdiqlənən tədbirlərlə geniş yayılmış cinayətlərin qarşısının alınması və onlarla mübarizə vasitələrimizi gücləndiririk. Eyni zamanda, etiraz hüququ ilə heç bir əlaqəsi olmayan, ictimai məkanları xaos və dağıntı yaratmaq üçün bəhanəyə çevirən, zorakılığa yönəlmiş təşkilatlanmış qrupların fəaliyyətinin qarşısını almaq üçün xüsusi mexanizmlər yaradırıq”.
Daxili İşlər Naziri Matteo Piantedosi də Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında mübahisələrə səbəb olan qabaqlayıcı saxlanma müddəasının azadlıqları məhv etmədiyini, oxşar hüquqi mexanizmlərin digər Avropa ölkələrində də mövcud olduğunu bildirib.
Müxalifətdəki sol partiyalar isə xüsusilə yeni qanun layihəsində yer alan qabaqlayıcı saxlanma maddəsini Konstitusiyada təsbit edilmiş toplaşma və etiraz hüququnun ciddi şəkildə pozulması kimi qiymətləndirərək tənqid ediblər.
Yaşıllar və Sol Alyans Partiyasınin (AVS) lideri Ançelo Bonelli hökumətin hazırladığı son qanun layihəsini repressiv adlandıraraq, cinayətlə mübarizədə təhlükəsizlik qüvvələrinə daha çox resurs ayrılmasının daha effektiv olacağını bildirib.
Qeyd edək ki, yeni təhlükəsizlik qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin aşağı palatası olan Nümayəndələr Palatası və yuxarı palata Senat tərəfindən təsdiqlənməsi tələb olunur.
Digər tərəfdən, Meloni hökuməti Nazirlər Kabinetinin iclasında Hesablama Palatasının 2025-ci ilin oktyabrında icrasını dayandırdığı, Siciliya adasını İtaliya materiki ilə birləşdirəcək Messina boğazı körpüsünün maliyyə planı ilə bağlı narahatlıqları aradan qaldırmağa yönəlmiş xüsusi qərarnaməni də təsdiqləyib.