AZ

Bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri beynəlxalq ictimaiyyətin və dünya mediasının diqqət mərkəzindədir. Səfər çərçivəsində dövlət başçısının nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimində iştirakı xüsusi maraq doğurub. Bu mükafatın sülh, tolerantlıq və mədəniyyətlərarası dialoq kimi ümumbəşəri dəyərləri təşviq etməsi tədbirin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycanın bu dəyərlərə verdiyi töhfənin beynəlxalq səviyyədə tanındığını göstərir. Səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlər də geniş şəkildə işıqlandırılır. Həmin görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, regional və qlobal məsələlər müzakirə olunub. Xüsusilə Azərbaycan-BƏƏ əməkdaşlığının yeni istiqamətləri diqqət çəkir. Dünya mediası tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə artan əməkdaşlığı vurğulayır. Əbu-Dabiyə səfər Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platformalarında fəal rolunu bir daha nümayiş etdirir.Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq yalnız iqtisadi göstəricilər və hərbi güc amilləri ilə ölçülmür:“Bu gün ölkələrin beynəlxalq aləmdə mövqeyini müəyyən edən əsas meyarlardan biri də humanizm dəyərlərinə verdiyi töhfələr, tolerantlıq siyasəti və sülhün təşviqi istiqamətində atdığı addımlardır. Məhz bu amillər dövlətlərin qlobal etimad qazanmasında həlledici rol oynayır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı mükafatı”na layiq görülməsi xüsusi əhəmiyyət daşıyır. Sözügedən mükafat Prezident İlham Əliyevin sülhpərvər siyasətinə, multikultural dəyərlərin qorunması və təşviqi istiqamətindəki ardıcıl fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin təzahürüdür. Bu ali mükafat, eyni zamanda, Azərbaycanın tolerantlıq, mədəni müxtəliflik və dinlərarası dialoq prinsiplərinə sadiqliyinin beynəlxalq aləmdə qəbul olunduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkəmizin humanist dəyərlərə əsaslanan inkişaf modelini formalaşdırmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda nüfuzunun daha da artmasına mühüm töhfə verir.K.Bayramov qeyd edib ki, qloballaşan dünyada cəmiyyətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulması, mədəni və dini fərqliliklərin qarşıdurma deyil, əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir:“Bu kontekstdə bəşəri dəyərlərin qorunmasına və xalqlar arasında etimadın möhkəmləndirilməsinə xidmət edən beynəlxalq təşəbbüslər və mükafatlar mühüm rol oynayır. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, tolerantlığın və sülhün təşviqinə xidmət edən nüfuzlu beynəlxalq təltiflərdən biridir. Bu mükafatın əsas məqsədi insan hüquqlarının qorunması, dinlərarası dialoqun gücləndirilməsi, qarşıdurmaların aradan qaldırılması və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən lider və təşkilatların fəaliyyətini yüksək dəyərləndirməkdir. Dövlət başçısının bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi multikulturalizm və tolerantlıq siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini açıq şəkildə nümayiş etdirir. Azərbaycan müxtəlif dinlərin və etnik qrupların əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı nadir ölkələrdən biridir. Bu reallıq ölkəmizdə tarixən formalaşmış tolerantlıq modelinin bu gün də dövlət siyasəti səviyyəsində uğurla davam etdirildiyini bir daha təsdiqləyir”.Deputat diqqətə çatdırıb ki, müasir dünyada qlobal çağırışların artdığı və münaqişə ilə qarşıdurmaların yeni miqyas aldığı bir şəraitdə dövlət rəhbərlərinin səsləndirdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir:“Belə hallarda səslənən fikirlər yalnız protokol xarakteri daşımır, eyni zamanda beynəlxalq ictimaiyyət üçün yol xəritəsi rolunu oynayır. Bu baxımdan İlham Əliyevin ƏAbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində etdiyi çıxış yalnız təşəkkür xarakterli nitq deyil, həm də müasir dünya üçün mühüm mesajlar daşıyan strateji məzmunlu çıxış kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısı mükafatlandırma mərasimini və münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsini olduqca ruhlandırıcı hesab edərək vurğuladı ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bu nümunə göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Əgər hər iki tərəfdə güclü siyasi iradə mövcuddur və bu proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənirsə, sülhün əldə olunması mümkündür. Prezidentin çıxışında sülhün, tolerantlığın, qarşılıqlı hörmətin və dinlərarası anlaşmanın insanlığın gələcəyi üçün əsas şərt olduğu xüsusi vurğulanmışdır. Bununla yanaşı, dövlət başçısı çıxışında Azərbaycanın tarixən tolerantlıq məkanı olduğunu, müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu ölkəmizdə qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırmışdır. Prezidentin bu mövqeyi bir daha göstərir ki, Azərbaycan müasir qlobal qarşıdurmalar fonunda barış, dialoq və əməkdaşlıq tərəfdarı olan dövlət kimi çıxış edir. Xüsusilə dünyada etnik və dini zəmində münaqişələrin artdığı, islamofobiya və ksenofobiyanın bəzi ölkələrdə hətta dövlət siyasəti səviyyəsinə yüksəldiyi bir dövrdə Azərbaycan modelinin beynəlxalq səviyyədə tanınması olduqca mühüm əhəmiyyət daşıyır. Bu yanaşma onu göstərir ki, tolerantlıq yalnız bəyanat və şüarlarla məhdudlaşmamalı, dövlətin real və ardıcıl siyasətində öz əksini tapmalıdır.

Ölkəmizin bir çox nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, qlobal problemlərin həllinə yönəlmiş beynəlxalq təşəbbüslərdə aktiv iştirakı, xüsusilə islam dünyası ilə Qərb arasında etibarlı dialoq platforması formalaşdırması bu uğurun əsas səbəbləri sırasında yer alır. Eyni zamanda, sözügedən mükafat aydın şəkildə göstərir ki, Azərbaycan münaqişələrə qarşı prinsipial mövqe nümayiş etdirməklə yanaşı, gələcək nəsillər üçün sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərini prioritet hesab edir. Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha çox ehtiyac duyulan fundamental prinsiplərdən biri kimi ön plana çıxır. Gördüyümüz kimi, Cənab Prezidentin Abu-Dabidə səsləndirdiyi mesajlar və ona təqdim edilən bu ali mükafat bir daha təsdiqləyir ki, Azərbaycan yalnız iqtisadi və siyasi potensialı ilə deyil, həm də mənəvi-humanitar dəyərlərə verdiyi töhfələrlə beynəlxalq ictimaiyyət üçün etibarlı və önəmli tərəfdaşdır. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə, regional və qlobal proseslərdə söz sahibinə çevrilməsinə mühüm töhfə verməkdədir”.Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri təkcə protokol xarakteri daşımır, həm də Azərbaycanın beynəlxalq gündəmdə verdiyi mesajların məzmununu aydın göstərir:

““Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak dövlət başçısının çıxışlarını humanizm, dialoq və qarşılıqlı hörmət xətti üzərində qurduğunu nümayiş etdirdi. Prezident çıxışlarında qlobal miqyasda artan qarşıdurmalar fonunda multikultural dəyərlərin və dinlərarası anlaşmanın alternativsiz olduğunu vurğuladı. Bu mesaj, xüsusilə Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda səsləndiyi üçün əlavə siyasi çəki qazandı. İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin birgə yaşadığı məkan olduğunu xatırladaraq, ölkənin bu təcrübəni beynəlxalq platformalarda paylaşmağa hazır olduğunu bildirdi. Onun çıxışlarında “Qlobal Cənub” anlayışına xüsusi yer ayrılması, Azərbaycanın özünü yalnız regional deyil, daha geniş beynəlxalq aktor kimi təqdim etdiyini göstərir. Prezident eyni zamanda dialoq və əməkdaşlığın güc siyasətini üstələməli olduğunu qeyd edərək, beynəlxalq münasibətlərdə yeni yanaşmalara çağırış etdi”.O diqqətə çatdırıb ki, Əbu-Dabidə keçirilən görüşlərdə də bu xətt davam etdirildi:“Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi açıq şəkildə sezildi. Enerji təhlükəsizliyi, yaşıl enerji və investisiya mövzularının gündəmdə olması Prezidentin çıxışlarının iqtisadi alt qatının da güclü olduğunu göstərdi. İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş imicini bir daha möhkəmləndirərək, sabitlik və proqnozlaşdırıla bilən siyasət xəttini ön plana çəkdi. Bu səfər və səsləndirilən çıxışlar Azərbaycanın beynəlxalq arenada sülh, dialoq və əməkdaşlıq tərəfdarı olan dövlət kimi mövqeyini gücləndirdi və dünya mediasının diqqətini məhz bu mesajlar üzərində cəmlədi”.Leyla Turan 

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
5
demokrat.az

6Mənbələr