AZ

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanın Dəniz Əməyi Konvensiyasına qoşulmasına dəstək olacaq

Azərbaycanın 2006-cı ildə qəbul edilən Dəniz Əməyi Konvensiyasına qoşulmasına hazırlıq prosesinə dəstək göstərilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə verdiyi müsahibədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin bildirib.

M.Puşkin qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycanın Dövlət Dəniz və Liman Agentliyi ilə yüksək və texniki səviyyələrdə aparılmış son müzakirələrin yekunlarına əsasən, BƏT və onun milli tərəfdaşları (hökumət, işəgötürənlər və işçilər təşkilatları) əməkdaşlığın prioritet istiqamətlərini (ilk növbədə dəniz sektorunda) müəyyən ediblər.

O bildirib ki, bununla yanaşı, Azərbaycanın 2006-cı ilin Dəniz Əməyi Konvensiyasına qoşulmasına hazırlığının dəstəklənməsi də nəzərdə tutulur.

“Müzakirələr, həmçinin dəniz sektorunda əmək münasibətlərinin idarə edilməsinin rəqəmsal transformasiyasını, o cümlədən idarəetmə standartları üzrə təlimləri, rəqəmsal alətlərin istifadəsini və dəniz əməyi üzrə dəyişən dünya üçün zəruri bacarıqların inkişafını əhatə edib. Bu əməkdaşlıq istiqamətləri 2025-ci ilin noyabrında imzalanmış Azərbaycanın 2025–2029-cu illər üçün "Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində həyata keçirilir və hökumət, eləcə də sosial tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində icra olunacaq”, – deyə o əlavə edib.

Beynəlxalq əmək standartları və BƏT-in Azərbaycanda əmək bazarının rəqəmsal transformasiyasındakı rolu

Direktorun sözlərinə görə, rəqəmsal transformasiya və əmək sahəsinin gələcəyi kontekstində BƏT mövcud beynəlxalq əmək standartlarının tam aktual olaraq qaldığını hesab edir.

O, xüsusilə qeyd edib ki, əmək sahəsində əsas prinsiplər və hüquqlar, əmək münasibətləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, iş vaxtı və bacarıqların inkişafına dair normalar texnoloji dəyişikliklərin layiqli əməyə töhfə verməsi üçün mühüm normativ əsasları formalaşdırır.

“Bu yanaşma BƏT-in "Əməyin Gələcəyi üzrə Yüzillik Bəyannamə"sində əksini tapıb. Həmin sənəd texnoloji dəyişikliklərə insan yönümlü yanaşmanın, sosial dialoq, ömürboyu fasiləsiz təhsil və əmək bazarının effektiv institutları ilə dəstəklənməsinin vacibliyini vurğulayır. BƏT milli prioritetlər və şərait nəzərə alınmaqla bu standartların tətbiqində öz üzvlərini dəstəkləməyə davam edir”, – deyə M.Puşkin yekunlaşdırıb.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr