AZ

Azərbaycan Qlobal İslam Fintex İndeksində 46-cı yerdə qərarlaşıb

Azərbaycan Qlobal İslam Fintex İndeksində (Global Islamic Fintech Index, GIFT) 16,2 % balla 46-cı yerdə qərarlaşıb.

SİA Qlobal İslam Fintex Hesabatına istinadən xəbər verir ki, indeks həm İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan, həm də qeyri-üzv 64 ölkəni əhatə edir. Qiymətləndirmə beş əsas kateqoriyada qruplaşdırılmış 19 göstərici üzrə aparılır: istedadlar, tənzimləmə, infrastruktur, İslam fintex bazarı və ekosistem, eləcə də kapital.

Əvvəlki hesabatda (2024/2025) Azərbaycan 20,4 % balla 37-ci pillədə qərarlaşmışdı.

Yeni hesabata əsasən, indeksin hesablanmasında "İslam fintex bazarı və ekosistem" kateqoriyası ən böyük çəkiyə malikdir, belə ki, konkret ölkədə İslam fintexinin mövcud vəziyyətini və inkişaf səviyyəsini dolğun şəkildə əks etdirir. İndeks hansı yurisdiksiyaların İslam fintexinin inkişafı və dayanıqlı ekosistemlərin formalaşması üçün daha əlverişli olduğunu nümayiş etdirir.

Reytinqin liderləri Səudiyyə Ərəbistanı (79,4 %), Birləşmiş Ərəb Əmirlikləri (68,8 %) və Pakistandır (44,2 %). Ən son pillələrdə Fələstin (4,6 %), Yəmən (4,5 %) və Surinam (2,1 %) gəlir.

2024-2025-ci illərdə qlobal İslam fintex bazarında əməliyyatların ümumi dəyəri 198 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Proqnozlara görə, 2029-cu ilə qədər bu göstərici 341 milyard ABŞ dollarına çatacaq ki, bu da 11,5 % səviyyəsində orta illik artım tempinə (CAGR) uyğundur.

"Bu templər ümumilikdə qlobal fintex sənayesinin artımını qabaqlayır, eyni dövrdə onun illik artımı təxminən 11 % gözlənilir", - hesabatda qeyd olunub.

Analitiklər qlobal İslam fintex bazarının əsas problemləri arasında kapitala məhdud çıxışı, tənzimləyici tələblərə riayət olunması ilə bağlı çətinlikləri, müştərilərin məlumatlılıq səviyyəsinin zəif olmasını, coğrafi genişlənmə ilə bağlı çətinlikləri və istifadəçi cəlb etmənin yüksək dəyərini qeyd edirlər. Buna baxmayaraq, sektor genişlənməyə davam edir: bu günə qədər qlobal verilənlər bazası 484 İslam fintex şirkətini əhatə edir.

Bununla yanaşı, vurğulanır ki, İslam fintexi hələ də fintex fəaliyyətinin ümumi həcmində kiçik paya malikdir. Ekspertlərin fikrincə, məhz bu boşluq növbəti artım dalğası üçün əsas potensialı formalaşdırır.

Qeyd olunur ki, bir çox İslam maliyyə məhsulları hələlik gündəlik iqtisadi proseslərdən kənarda qalır ki, bu da onların paylanmasını ləngidir və baha başa gəlməsinə səbəb olur. İnteqrasiya olunmuş maliyyə həlləri, məsələn, şəriət normalarına uyğun BNPL (Buy Now, Pay Later) xidmətləri və ya mikro-təkafül - elektron ticarət ekosistemlərinə, mobil tətbiqlərə və rəqəmsal B2B platformalarına üzvi şəkildə inteqrasiya oluna bilər.

Dealroom və ABN AMRO Ventures hesabatına əsasən, qlobal inteqrasiya olunmuş maliyyə bazarı 2030-cu ilə qədər 7,2 trilyon ABŞ dollarına çatacaq. BCG belə bazarların 2030-cu ilə qədər 700 milyard ABŞ dollarından çox əlavə illik gəliri təmin edəcəyi proqnozlaşdırır. Bu kontekstdə İslam fintexi inteqrasiya olunmuş maliyyə xidmətləri üzrə qlobal trendin bir hissəsi kimi nəzərdən keçirilir.

Analitiklər qeyd edirlər ki, rəqəmsal cəhətdən cəlb olunmuş əhali, inkişaf etmiş İslam maliyyəsi sektoru və fintexin dəstəklənməsi üzrə məqsədyönlü proqramlar xüsusilə praktiki həllərin sınaqdan keçirilməsi və genişləndirilməsi baxımından innovasiyalar üçün əlverişli mühit yaradır.

"İslam fintexi növbəti artım fazasına keçid etməyə hazırdır. Süni intellekt, blokçeyn və açıq bankçılıq kimi texnologiyalar yeni məhsullar yaratmağa və giriş maneələrini azaltmağa imkan verəcək. Tənzimləyici çərçivələr və ekosistem dəstəyi inkişaf etdikcə, bazara daha çox oyunçu daxil olacaq ki, bu da rəqabəti gücləndirəcək, eyni zamanda, tərəfdaşlıqlar və selektiv konsolidasiya üçün imkanlar yaradacaq", - ekspertlər hesab edirlər.

Onların fikrincə, uzunmüddətli perspektivdə bu proseslər şəriət prinsiplərinə uyğun maliyyə xidmətlərinə çıxışın əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ölkədə İslam bankçılığı məhsullarının tətbiqi üçün "İslam pəncərəsi" modelinin tətbiqi üzrə Yol Xəritəsi hazırlayıb. İslam bankçılığı alternativ maliyyələşdirmə mexanizmi kimi nəzərdən keçirilir və AMB-nin strateji hədəfləri sırasına daxil edilib.

Onun inkişafı üçün artıq beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün ən uyğun yanaşma müəyyən edilib. Birinci mərhələdə müstəqil ekspertlər "İslam pəncərəsi" çərçivəsində İslam maliyyəsi məhsullarının siyahısını müəyyən edəcəklər, bundan sonra maliyyə assosiasiyaları və beynəlxalq ekspertlərlə məsləhətləşmələrin nəticələri əsasında yaradılmış baza alətləri tətbiq ediləcək.

Seçilən
5
6
sia.az

7Mənbələr