AZ

Moskvadan İrəvana mesaj

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Erməni diasporunun Qarageni müdafiə aksiyası nəyi göstərir?

Fevralın 5-də Ermənistanın Moskvadakı səfirliyinin önündə Erməni Apostol Kilsəsinə dəstək, eləcə də bütün ermənilərin katolikosu II Qareginin və İrəvanda saxlanılan keşişlərin müdafiəsi məqsədilə aksiya keçirilib.

İştirakçılar rus və erməni dillərində “Bizim xaçımız – bizim gücümüzdür” və “Azadlıq” şüarları səsləndiriblər. Aksiyada çıxış edən Erməni Apostol Kilsəsinin Rusiya və qondarma “Yeni Naxçıvan” yeparxiyasının ruhanisi Gevorq Vardanyan idda edib ki, Ermənistan hakimiyyəti hazırda müxtəlif bəhanələr və uydurma ittihamlarla din xadimlərini həbs edir, xalqın və kilsənin müdafiəsi üçün səsini ucaldan insanları cəzalandırır: “Təəssüf ki, vəziyyət belədir. Lakin biz inanırıq, dua edirik və bütün gücümüzlə çalışırıq ki, bu proses davam etməsin, hər şey tezliklə sona çatsın. Çünki bu şəkildə yaşamaq artıq mümkün deyil”. Onun sözlərinə görə, guya, bu vəziyyət cəmiyyətdə “dərin parçalanmaya” səbəb olub, insanlar bir-birinə düşmən kəsilib, qarşılıqlı hörmət itib. Özünü ruhani adlandıran bu şəxs qeyd edib ki, çıxış yolunun tapılacağına ümid edirlər və bu prosesin tezliklə başa çatması üçün dua edirlər.

Aksiya iştirakçılarının iddiasına görə, Ermənistan hakimiyyəti anti-konstitusion addımlar atır, müxtəlif bəhanələrlə erməni yepiskoplarının ölkədən çıxışına qadağa qoyur və kilsənin daxili işlərinə müdaxilə edir. İctimai fəal kimi təqdim olunan Levon Mukanyan isə Ermənistan vətəndaşlarını “eyni səhvləri təkrar etməməyə” çağıraraq, iyun ayında keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana səs verməməyə səsləyib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər Birinci Taxt-Tac Eçmiədzinin 2020-ci ildə baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra gərginləşib. Kilsə Paşinyanı Qarabağla bağlı apardığı siyasətə görə tənqid etmişdi. Son aylarda isə baş nazir faktiki olaraq açıq şəkildə II Qareginin Erməni Apostol Kilsəsinin rəhbəri postundan uzaqlaşdırılması istiqamətində iş aparır. Ancaq kilsə nizamnaməsinə əsasən, katolikosun ömürlük seçilməsinin nəzərdə tutulması səbəbindən buna müyəssər ola bilmir.

2025-ci il dekabrın 8-də Paşinyan II Qareginin kənarlaşdırılmasından sonra həyata keçirilməsi nəzərdə tutulan “Erməni Apostol Kilsəsinin yenilənməsi” planını təqdim edib. Yanvarın 5-də isə bu plan Paşinyan və 10 yepiskop tərəfindən imzalanıb. Birinci Taxt-Tac Eçmiədzin bu fonda bəyanat yayaraq, yepiskopların bu cür “antikilsə proseslərinə” cəlb edilməsinin qınanmağa layiq olduğunu bildirib və bu addımların “ağır nəticələrə gətirib çıxara biləcək parçalanma riski” yaratdığını vurğulayıb.

Məsələnin diqqəti cəlb edən digər tərəfi kilsənin atdığı addımların Rusiyada müxtəlif dairələr tərəfindən dəstəklənməsidir. Yada salaq ki, yanvarın sonlarında erməni diasporunun çoxluq təşkil etdiyi Soçi və Adlerdə Erməni Apostol Kilsəsinə dəstək məqsədilə kütləvi aksiyalar keçirilmişdi. Moskvadakı aksiya isə Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvada səfərdə olduğu dövrə təsadüf edib. Aksiya barədə məlumatı Rusiyanın dövlət informasiya agentliyi – TASS-ın geniş işıqlandırması da diqqətdən yayınmır. Simonyan 2025-ci ilin mayında Rusiyanı Ermənistana qarşı “hibrid müharibə” aparmaqda ittiham edərək, ölkədə vəziyyəti sabitlikdən çıxarmağa yönəlmiş cəhdlərin mövcud olduğunu və bu cəhdlərin 2026-cı ilin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində daha da güclənəcəyini bildirmişdi. Bundan sonra Ermənistanın müxtəlif rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Ararat Mirzoyan və bənzər fikirlər səsləndiriblər. Mirzoyan yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyi gözlənilir. “Biz demokratik alətlərdən istifadə etməklə bu hücumlardan müdafiə olunmağa hazırıq”, – deyə XİN rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti artıq bu cür təhdidlərə qarşı zəruri immunitet formalaşdırıb: “Son 4–5 il ərzində biz hibrid təhdidlər şəraitində yaşamışıq. “Məcburi” mitiqlərin şahidi olmuşuq. Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq”. Diplomatın fikrincə, AŞPA rəhbərliyi öz bəyanatları və Ermənistana planlaşdırılan səfəri vasitəsilə İrəvana və demokratiyaya dəstək göstərə bilər. “Sonda bütün hibrid hücumların öhdəsindən birgə gələcəyik”, – deyə Mirzoyan bildirmişdi.

***

Bu mənada Moskvadakı mitinq adi etiraz aksiyası kimi görünsə də, hadisəyə diqqətlə baxdıqda onun daha geniş siyasi kontekstə, xüsusən də Ermənistanda qarşıdan gələn parlament seçkilərinə birbaşa bağlı olduğu aydınlaşır. Aksiya təkcə kilsə-hakimiyyət qarşıdurmasının növbəti mərhələsi deyil, həm də seçkilər ərəfəsində formalaşan daxili və xarici siyasi fonun bir parçasıdır.

Maraqlı məqamlardan biri, qeyd etdiyimiz kimi, aksiyanın Ermənistan parlamentinin sədri A.Simonyanın Moskvada səfərdə olduğu vaxta təsadüf etməsidir. Təsadüf təsiri bağışlasa da, bu detal aksiyanın mesaj yükünü artırır. Simonyan son illər Ermənistanın informasiya gündəmində tez-tez yer alan fiqurlardandır və onun Rusiyaya yönəlik açıqlamaları cəmiyyət daxilində müxtəlif reaksiyalar doğurub. Bu kontekstdə Moskvada keçirilən aksiyanın diqqət mərkəzinə düşməsi təsadüfi görünmür.

Ümumiyyətlə, seçkilər yaxınlaşdıqca Ermənistan hakimiyyəti təhlükəsizlik və sabitlik mövzusunu ön plana çıxarmağa çalışır. Rəsmi İrəvan hibrid təhdidlərdən danışır, cəmiyyətin mümkün təzyiqlərə qarşı hazır olduğunu vurğulayır. Bu yanaşma hakimiyyət üçün iki məqsədə xidmət edir. Bir tərəfdən daxildəki təxribatçı-pozucu elementlərin qarşısını almaq, digər tərəfdən isə seçki prosesinə nəzarəti gücləndirmək imkanı yaradır. Kilsə ətrafında baş verənlər də bu çərçivədə təqdim olunur. Hakimiyyətlə kilsə arasında açıq qarşıdurma cəmiyyətdə parçalanma riskini artırır. Bu parçalanma seçkilər zamanı daha qabarıq hiss oluna bilər. Hakimiyyət üçün əsas çətinlik həm sabitlik görüntüsünü qorumaq, həm də kilsə ilə münasibətləri tam qoparmamaqdır. Çünki bu addım seçici davranışına birbaşa təsir göstərə bilər.

Rusiyanın bu prosesdəki rolu isə daha çox fon xarakteri daşıyır. Moskva hadisələrin mərkəzində olmasa da, Ermənistan daxilində və diaspor mühitində baş verənlər Rusiya ilə münasibətlər prizmasından da qiymətləndirilir. Bu baxımdan rəsmi açıqlamalarda ehtiyatlı tonun seçilməsi təsadüfi deyil. Simonyanın mövqeləri də məhz bu incə tarazlıq üzərində qurulub. Nəticə etibarilə, Moskvadakı aksiya qarşıdan gələn parlament seçkiləri öncəsi siyasi mənzərənin mürəkkəbliyini göstərir. Kilsə, diaspor, hakimiyyət və xarici amillər bir nöqtədə kəsişir. Seçkilərə doğru bu mövzuların daha da aktuallaşacağı və siyasi mübarizənin mühüm alətlərindən birinə çevriləcəyi istisna edilmir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, kilsə faktoru erməni cəmiyyətində hələ də ciddi təsir imkanlarına malikdir. Onun sözlərinə görə, bu təsirdən istifadə edilməsi seçici davranışının emosional müstəvidə yönləndirilməsinə xidmət edə bilər: “Aksiyanın ölkə hüdudlarından kənarda, diaspor mərkəzlərindən birində keçirilməsi mesajın daha geniş auditoriyaya ünvanlandığını göstərir. Digər tərəfdən, bu cür aksiyalar hakimiyyətə təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Seçkilər yaxınlaşdıqca müxtəlif qruplar mövqelərini gücləndirməyə, gündəliyi müəyyən etməyə çalışırlar. Kilsə ətrafında formalaşan narazılıqlar da məhz bu məqsədlə siyasi məzmun qazanır”.

Ekspert hesab edir ki, Moskvada baş tutan aksiya qarşıdakı parlament seçkiləri ərəfəsində kilsə mövzusunun siyasi alətə çevrilə biləcəyini göstərir. Bu isə seçki prosesinin daha mürəkkəb və həssas mərhələyə daxil olduğuna işarə edir.

Səxavət HƏMİDXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr