AZ

Azərbaycan suverenliyinə qarşı qərəzə prinsipial cavab

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya Federasiyasının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəmiz əleyhinə növbəti qərəzli açıqlamalarına görə ona etiraz notasının təqdim edilməsi Azərbaycanın öz suveren hüquqlarını və beynəlxalq hüquq prinsiplərini qətiyyətlə müdafiə etdiyini bir daha nümayiş etdirdi. Konstantin Zatulinin uzun illərdir sistemli şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi əleyhinə mövqe sərgiləməsi, separatizmi açıq şəkildə təşviq etməsi və Ermənistanın hərbi təcavüzünü dolayısı ilə legitimləşdirməyə cəhd göstərməsi təsadüfi xarakter daşımır. Onun bu cür bəyanatları təkcə Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaqla kifayətlənmir, eyni zamanda regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan səylərə də ciddi xələl gətirir.

Azərbaycan Respublikasında məhkəmə qərarları qanunun aliliyi prinsipi əsasında, milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə qəbul olunur. Müharibə və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi heç bir halda siyasi manipulyasiya predmeti ola bilməz. Bu cür məsələlərə xarici siyasi dairələrin müdaxiləsi dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin açıq şəkildə pozulmasıdır. Rəsmi Bakının bu məsələdə tutduğu prinsipial mövqe bir daha göstərir ki, Azərbaycan heç bir təzyiq və ya təhrif cəhdinə boyun əyməyəcək, hüquqi və siyasi suverenliyinə xələl gətirən istənilən addıma adekvat cavab verəcək.

Eyni zamanda, Rusiya tərəfinin destruktiv mövqeli şəxslərin fəaliyyətinə son qoymaq üçün məsuliyyətli mövqe nümayiş etdirməsi Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafı baxımından zəruri amildir. Bu hadisə bir daha təsdiqləyir ki, postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunması üçün populist, revanşist və separatizmi təşviq edən ritorikaya yer olmamalıdır. Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini qorumaqda və milli maraqlarını qətiyyətlə müdafiə etməkdə davam edəcək.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
modern.az

1Mənbələr