Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində əməkhaqlarından ibarət həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.